Bir neçə gün əvvəl “Şərurlu İsfəndiyar” adı ilə tanınan məşhur iş adamı İsfəndiyar Axundov “Müsavat Tv”-yə verdiyi müsahibə ilə gündəm olmuşdu.
Bir sıra məsələlərdən danışan iş adamı, eyni zamanda, dindarlar əleyhinə də müəyyən ifadələr işlətmişdi.
Məsələn, İsfəndiyar Axundov bildirmişdi ki, əlində olsa, bütün məscidləri söküb, yerində məktəb tikər.
Bu ifadə isə birmənalı qarşılanmamışdı, “Şərurlu İsfəndiyar” sosial şəbəkələrdə müzakirəyə çevrilərək tənqid və təhqirlərə məruz qoyulmuşdu.
Məsələ ilə bağlı İsfəndiyar Axundov Gununsesi.info-ya danışıb.
Axundov bildirir ki, onun cavabı, əslində, yanlış anlaşılıb:
“Bir necə gün öncə “Müsavat” Tv-nin efirində müsahibədə olarkən, aparıcının dinlə bağlı verdiyi suala cavabım bəzi insanlar tərəfindən yanlış anlaşılıb. Mən Allaha inanmıram sözü işlətməmişəm, “bəzi dindarlara inanmıram” demişəm və bu da bütün dindarlara şamil olunmur.
Söhbət o dindarlardan gedir ki, dünyada cərəyan edən İslam, din adı altında terror qruplarını təşkil edən və eyni zamanda Azərbaycan dövlətinin təməlini din pərdəsi altında baltalayan, din çadrasına bürünmüş dövlətçiliyimizin, xalqımızın bugünki firavan həyatımızın müxalifi olan ünsürlər haqqında fikir bildirmək istəmişəm. Sadəcə, izahatım bir az doğru olmayıb, fikrimi tam çatdıra bilməmişəm. Sözüm xaricdən maliyyələşərək məqsədli şəkildə xalqımızın mentalitetinə və dini dəyərlərimizə zidd fəaliyyət göstərən bəzi “dindarlara” idi.
Sirr deyil ki, dini radikalizm müasir dövrümüzün ən çox narahatlıq doğuran əsas problemlərdən biridir. 20-ci əsrin sonlarından başlayaraq, istər dini cərəyanlar arasında, istərsə də qeyri-islami dinlərdə radikallaşma meylləri çoxluq təşkil edir. Baxın, din uğrunda aparılan müharibələr, yaxud din pərdəsi altında həyata keçirilən işğalçılıq siyasəti də dini radikalizmin bir nümunəsidir.
Dövrümüzdə dini radikalizm məzhəblər və dinlərarası dözümsüzlük, zorakılıq və dini motivlərlə törədilən terror aktları nəzərə çarpacaq dərəcədə artıb. Təəssüflər olsun ki, son illərdə İslam radikalizmi kəskin yüksəlmişdir və mən bundan qorxuram demək istəmişəm. Hamısını efirdə saya bilmədim, bir kəlmə dedim ki, “Allaha inanıram, sadəcə, dindarlardan qorxuram”.
Çünki sadaladığım tərəfdən formalaşan “dindarlar” əlbəttə ki, həm dünyaya, həm də Azərbaycana, dövlətçiliyimizə, insanlığa, dinimizə qarşı böyük bir təhlükədir. “Allahu Əkbər” şüarı ilə baş kəsən, bombalar partladan, terror aktı törədən dindarlardan gedir söhbət. Biz bunun şahidi olmuşuq. İstər “meşə qardaşları”, istər də Bakı şəhərində olan “Əbubəkir” məscidində partlayış yaradanları bilirik.
Mən dinimizin, dini dəyərlərimizin əleyhinə deyiləm, heç bir zaman da olmamışam. Mənim adım, soyadım, ata adım, övladlarımın adı-hamısı dinə bağlı olan adlardır. Dinin əleyhinə olsaydım, övladıma dini ad verərdimmi heç?! Bu, sadəcə, mənim fikrimi tam olaraq çatdıra bilmədiyimdən irəli gələn bir nüans olub. Əsla və əsla dinə qarışı deyiləm, olmaram da…”.