Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar aparılıb.
Turkustan.az xəbər verir ki, araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib:
“Bildiririk ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir”.
Xatırladaq ki, müəllimləri təhqir etdiyi iddia olunan 301 nömrəli tam orta məktəbin direktoru Sevda Sarıyevanın səsyazısı üzə çıxıb. Səsyazısında direktorun müəllimlərdən pul yığdığı, onlara qarşı uyğunsuz davranış sərgilədiyi, hətta müəllmlərə “hinduşkabaş” deyərək təhqir etdiyi məlum olub./bizim.media