Elm cəmiyyətin tərəqqisinin əsas meyarlarından biridir. Hər bir ölkənin elmi göstəriciləri onun ümumi inkişaf səviyyəsinin barometridir. Ona görə də elmin inkişafına diqqət və qayğı göstərmək, elmi, təhsili ön mövqeyə çəkmək inkişaf etmiş dünya dövlətlərinin prioritetləri sırasında xüsusi yer tutur.
Elm Gününün qeyd edilməsi alimlərin, tədqiqatçıların, yeni elmi nəsillərin inkişafı ilə əlaqədar məsələlərin gündəmə gətirilməsi, alimlərin xidmətlərinin dəyərləndirilməsi, elm sahəsində keçilmiş yolun müsbət təcrübələrinin, elm sahəsində dünyada gedən proseslərin dərslərindən nəticə çıxarılması, elmi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi kimi vəzifələri özündə cəmləşdirir. Elm Günü akademik elmin, ali məktəb elminin və sahə elminin cəmiyyət qarşısındakı hesabatı və bu istiqamətdə gələcək vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Dövlət başçısının respublikamızda “Elm Günü”nün təsis edilməsi haqqındakı 9 aprel 2018-ci il tarixli sərəncamı müstəqil dövlətimizin elmin inkişafına göstərdiyi qayğının və dəstəyin əməli ifadəsidir. Sərəncama uyğun olaraq, ölkəmizdə “Elm Günü”nün məhz 27 martda qeyd olunması məxsusi olaraq 27 mart 1945-ci il Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir. “Elm Günü”nün təsis edilməsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin elmə göstərdiyi müstəsna qayğının və alimə verdiyi yüksək dəyərin təzahürüdür.
Dünyanın bir sıra ölkələrində BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 10 noyabr tarixi Sülh və İnkişaf Naminə Ümumdünya Elm Günü kimi qeyd olunur. Eyni zamanda, ABŞ, Böyük Britaniya, İtaliya, Rusiya, Ukrayna, Hindistan, Qazaxıstan, İran və s. ölkələrdə də elmi inkişaf baxımından xüsusi əhəmiyyətə malik müxtəlif tarixlər milli elm günləri və həftələri kimi qeyd edilməkdədir.
Azərbaycanda “Elm Günü” olaraq 27 mart tarixinin müəyyən edilməsi Elmlər Akademiyasının son 80 illik müddət ərzində xalqımızın sosial-iqtisadi və mədəni-mənəvi tərəqqisində oynadığı müstəsna rolla şərtlənir. 1945-ci ilin martında təsis edilən Elmlər Akademiyası Azərbaycan xalqının intellektual potensialının formalaşdırılmasında, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi, humanitar və ictimai elm sahələrinin inkişafında xüsusi xidmətlər həyata keçirmişdir.
Ümummilli lider Heydər Əliyev Akademiyanı “Azərbaycan xalqının milli sərvəti” adlandırırdı. Belə yüksək dəyər bəm də ona görədir ki, bu elm məbədindən yayılan mənəvi-intellektual enerji uzun onillər boyu bütövlükdə milli mədəniyyətimizi stimullaşdırmışdır. Müasir Azərbaycan mədəniyyətinin, milli dövlətçilik və azərbaycançılıq məfkurəsinin formalaşması, milli ziyalı elitasının yetişdirilməsi son onilliklərdə həm də məhz Akademiyanın fəaliyyəti nəticəsində mümkün olmuşdur. Xüsusən, ötən əsrin 70-80-ci illərində Azərbaycanda yaranan nüfuzlu elmi məktəblər keçmiş SSRİ miqyasında elmi proseslərin inkişafına önəmli töhfələr vermişdir.
Hazırda bir tərəfdən dünyanın yeni reallıqları ilə şərtlənən qlobal çağırışlara, digər tərəfdən Azərbaycanın tarixi Zəfərindən sonra bölgədə və ölkədə yaranmış yeni reallıqlara uyğun olaraq, Azərbaycan elmi öz inkişafını davam etdirməkdədir. İndi zaman Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr müəyyənləşdirmişdir. Azərbaycan ziyalı elitasının yaxın perspektivdəki hədəfi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi və ölkənin hərtərəfli inkişafına yönəlmiş dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak etməkdir. Azərbaycan dövlətinin elmə olan həssas və qayğıkeş münasibəti və elmi fəaliyyət sahəsində məqsədyönlü şəkildə həyata keçirilən islahatlar bu hədəfə doğru qətiyyətlə addımlamağa tam əsas verir. Azərbaycanın elmi potensialı bir tərəfdən dövlətin elmə diqqət və qayğısı, digər tərəfdən də özünün daxili intellektual səfərbərliyi sayəsində yeni dövrün tələbləri baxımından daha mütəşəkkil konsolidasiya olunacaq, respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında bundan sonra da yaxından iştirak edəcək, həm də dünya elminə öz layiqli töhfələrini verəcəkdir.
Cavanşir Feyziyev
27 mart 2025- ci il