Oruc, İslamın beş vacib əməllərindən biri olub, hər bir sağlam və yetkin müsəlmana fərzdir. Ramazan ayında oruc tutmaq, Allahın əmridir və böyük savaba səbəb olur. Lakin bəzi insanlar üzrlü və ya üzrsüz səbəblərlə oruc tutmaya bilərlər. Üzrlü səbəblərdən biri xəstəlik və ya səfərdə olmaqdır ki, bu halda həmin şəxslər sonradan qəza etməlidirlər.
Bəs üzrsüz yerə oruc tutmayan şəxsin İslamda hökmü nədir?
İlahiyyatçı Ağa Hacıbəyli “Yeni Sabah”a bu barədə danışaraq məsələyə belə aydınlıq gətirib:
“Fidyə və kəffarə bir-birindən fərqli anlayışlardır və ayrı-ayrı prinsipləri var. Oruc tutmağa gücü çatmayan, qocalıqdan, xəstəlikdən dolayı bu ibadəti yerinə yetirə bilməyən şəxslərə rəbbimiz Quranda yol göstərir. Bəqərə surəsinin 184-cü ayəsində bu barədə qeyd edilir ki, Ramazan ayında insan ya oruc tutur, ya onun kəffarəsini verir, əgər xəstədirsə, sağalandan sonra qəzasını yerinə yetirməyə çalışır. Oruc tuta bilməyən amma maddi imkana malik olmayan insanlar fidyə verirlər. Amma burada insanların maddi imkanlarından söhbət gedir. Yəni insan maddi imkanına görə fidyə verir. Burada məbləğ bir nəfərin qarnını doyurmasına görə hesablanır. Təxminən, minimum 10-15 manat götürülür. Elə insan var ki, səhər-axşam süfrəsi 30-40 manatdır. Bu da insandan-insana dəyişir. Fidyəni verəcək insan məbləği öz süfrəsinə qoyacaq qidalarla müəyyənləşdirir”.
İlahiyyatçı kəffarə anlayışını isə bu cür əsaslandırıb:
“Kəffarənin hökmü isə belədir ki, oruc tutan insan bilərəkdən orucunu pozursa, bunu yerinə yetirməlidir. Peyğəmbərimizin dövründə kəffarənin miqdarı bir qulu azad etmək imiş. İslam dininin hədəfi o vaxt bazarlarda alınıb satılan insanların sonlanması olub. İndi həmin prinsip yoxdur. Bunun yerinə ya 60 fəqirin qarnını doyurmaq, ya da 60 gün bir insana fidyə miqdarında pul ayırmaq lazımdır. Beləcə həm fidyə, həm də kəffarəni yerinə yetirmiş oluruq”.