Dövlət İmtahan Mərkəzinin (DİM) bu yaxınlarda təqdim etdiyi Azərbaycan dili üzrə Sertifikasiya İmtahanının modeli hələ də müzakirə edilir. Belə ki, məqsəd imtahandan keçən namizədlərə Azərbaycan dilini bilmə səviyyəsini göstərən sertifikat təqdim etməkdir. Xüsusilə əcnəbilər, dilimizi xarici dil kimi öyrənmək istəyənlər imtahan verəcəklər.
Bəs qiymətlər necə olacaq? Bu modelin dünyada İELTS, TOEFL kimi beynəlxalq imtahanlar qədər uğurlu olması mümkündürmü?
Globalinfo.az-a danışan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, hazırda heç bir xarici universitet və ya işəgötürən müəssisə Azərbaycan dili üzrə bu tip sertifikatı tanımır:
“Halbuki Almaniyada “Goethe” institunun verdiyi sertifikatlar bir çox universitet və miqrasiya qurumları tərəfindən qəbul olunur. Yaxud Rusiyada ТРКИ (Test of Russian as a Foreign Language) sertifikatı ali təhsil müəssisələrində tələbələr üçün əsas qəbul meyarlarından biridir. Azərbaycan da bu modeli beynəlxalq səviyyədə tətbiq etmək niyyətindədirsə, ilk növbədə xarici universitet və təhsil təşkilatları ilə ikitərəfli tanınma mexanizmlərini formalaşdırmalıdır. Daha bir vacib məsələ qiymət siyasətidir. Hazırda IELTS imtahanının qiyməti ölkədən asılı olaraq 150–250 ABŞ dolları arasında dəyişir. TOEFL üçün bu rəqəm təxminən 180–210 dollar civarındadır. Bu imtahanlar beynəlxalq bazarda rəqabətli və gəlirli sektor hesab olunur.
Kamran Əsədov
DİM də Azərbaycan dili üzrə sertifikatı ödənişli edə bilər. Lakin bu ödənişin miqdarı real bazar şərtlərinə uyğun olmalıdır. İmtahan yüksək məbləğdə müəyyənləşdirilərsə, xüsusilə tələbələr və Azərbaycan dilini hobbidən daha çox praktiki məqsədlərlə öyrənən şəxslər üçün bu, əlçatmaz olacaq. Ən yaxşı təcrübələrdən biri, məsələn, Fransada olduğu kimi, dil öyrənənlərə imtahan haqqının bir hissəsini dövlətin və ya qeyri-kommersiya fondlarının subsidiya etməsidir”.
Ekspert bildirib ki, bu təşəbbüs sadəcə bir imtahan modeli deyil, Azərbaycan dilinin beynəlxalq səviyyədə mövqeyini gücləndirmək üçün yeni mərhələnin başlanğıcı ola bilər:
“Bu proses strateji yanaşma ilə, mərhələli, inklüziv və şəffaf şəkildə həyata keçirilərsə, gələcəkdə Azərbaycan dili də dünya dilləri arasında öz yerini tuta bilər. Əks halda, sözügedən model yalnız ölkədaxili formal bir sənədə çevrilər və məqsədinə çatmaz”.