Fazil Mustafadan Arzuxan Əlizadəyə TƏBRİK


Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadəni 60 illik yubileyi ilə bağlı təbrik edib.
Təbrik məktubunda yubilyarın ictimai-siyasi fəaliyyətinin ən önəmli məqamlarına vurğu edilib:

“Hörmətli Arzuxan müəllim,
Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və fəaliyyətinizdə yeni uğurlar arzulayıram!

Çox şadam ki, bu ilki yubileyinizi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, eləcə də Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsinin sevinci və qüruru içində keçirirsiniz.

Siz Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tanınmış məzunlarından biri kimi, hüquqşünaslıq sahəsində geniş təcrübəyə malik bir ziyalı olaraq, vəkillikdən ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə, bələdiyyə üzvlüyündən Mərkəzi Seçki Komissiyasının üzvlüyünə qədər müxtəlif məsuliyyətli vəzifələrdə çalışmısınız. İnsan hüquq və azadlıqları mövzusunda yazdığınız elmi məqalə və nəşrlər də, bu sahəyə verdiyiniz töhfənin bariz örnəyidir.

1995-ci ildən etibarən üzvü olduğunuz Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) müxtəlif vəzifələrdə çalışaraq, partiyanın idarəçilik strukturlarında aktiv iştirak etmisiniz. 2015-ci ilin oktyabr ayından etibarən AMİP-in sədr əvəzi kimi fəaliyyət göstərmiş, 15 avqust 2020-ci il tarixində keçirilmiş XI Qurultayda partiya sədri seçilmisiniz.

Ötən il VII çağırış Azərbaycan Milli Məclisinin üzvü seçilərək, İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan-Kamerun parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmaqla yanaşı, bir sıra digər parlamentlərarası işçi qruplarının da üzvü kimi fəaliyyət göstərirsiniz.

Sizi ictimai-siyasi həyatda qazandığınız uğurlar, əlamətdar yubileyiniz, eləcə də qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə bir daha təbrik edir, şəxsi və ictimai-siyasi fəaliyyətinizdə yeni başarılar arzulayıram”!


MANŞET XƏBƏRLƏRİ