Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Dos.Dr. Mərziyyə Nəcəfovaya təbrik məktubu ünvanlayıb. Alimin 55 illik yubileyi ilə bağlı yazılan məktubda, onun elmi, ictimai fəaliyyətinin ən ümdə məqamlarına toxunulub:
“Hörmətli Mərziyyə xanım,
Sizi 55 illik əlamətdar yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, elmi, bədii və ictimai fəaliyyətinizdə yeni uğurlar arzulayıram!
Siz filologiya elmləri doktoru, dosent kimi məhsuldar elmi-pedaqoji və publisistik fəaliyyətinizlə seçilir, özəlliklə Qarabağ mövzusunun bədii publisistikada və poeziyada işlənməsi, 90-cı illər ədəbiyyatında vətənpərvərlik motivləri və digər aktual məsələlərə həsr olunmuş araşdırmalarınızla Azərbaycan ədəbiyyatşünaslıq elminə dəyərli töhfələr verirsiniz.
Çox şadam ki, bu ilki yubileyinizi Qarabağın azadlığı, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, eləcə də Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsinin sevinc və qüruru içində keçirirsiniz.
Sizin bu istiqamətdə apardığınız araşdırmalar və yazılar, o cümlədən “Qarabağ mövzusu bədii publisistikada (90-cı illər)”, “Poeziya və Qarabağ problemi”, “Qarabağ mövzusunun poeziyada işlənmə istiqamətləri”, “90-cı illər ədəbiyyatında vətənpərvərlik motivləri” kimi dəyərli əsərləriniz çağdaş Azərbaycan ədəbiyyatşünaslığının və publisistikasının önəmli bir bölümünü təşkil edir.
Bundan əlavə, “Sənsiz düşüncələrim”, “Bir ovuc torpaq”, “Ata ocağı”, “Susmayan könlüm”, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” və digər kitablarınız da ədəbiyyatsevərlərin marağına səbəb olub.
Sizi yaradıcılıq başarılarınız, əlamətdar yubileyiniz, eləcə də qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə bir daha təbrik edir, yeni uğurlar diləyirəm”!