“Kişilər artıq dəyişməli, qadına əşya kimi baxmamalıdır”


“Ailə yükü hər iki cinsin arasında bərabər paylanır desək də, yükün çox hissəsi qadın üzərində olur. Bütün ev işlərini görən qadın, üstəlik də ərinin ailəsi tərəfindən mənəvi və psixoloji təzyiqə məruz qalır. Zərərli vərdişi olan ərlər, zorakılıq edənlər isə daha çoxluq təşkil edir”.

Bu sözləri Ölkə.az-a açıqlamasında psixoloq Vüsalə Rüstəm Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimovanın “Azərbaycanda boşanmaların təşəbbüskarlarının 70 faizi qadınlardır” fikrini şərh edərkən deyib.

Onun sözlərinə görə, bütün bu çətinliklərlə mübarizə aparan qadın həm də işə gedir, cəmiyyət üçün yararlı olmağa çalışır:

“Öz ata evində sakit və rahat yaşayan bir insan öz evini şirnikləndirici vədlərlə digər evə dəyişir. “Sənə cənnəti bəxş edəcəm” deyən kişi, ona əsl cəhənnəmi yaşadır. Bütün baş verən problemlərdə qadına dəstək olmaqdansa onu günahlandırıb, təhqir olunmasına, mənəvi əzab verilməsinə istəyərək,ya da istəməyərək şərait yaradır. Qadın gileylənməyə başlayanda isə ona zorakı hərəkətlər edilir,vəziyyət daha da ağırlaşır. Şərq kişisi olaraq Azərbaycanlı kişilər qadınla ortaq məxrəc tapmağı özlərinə ar bilir, qadın “boşanıram” deyən kimi “get, boşan” deyirlər. Ailə quran kişilərin çoxu psixoloji olaraq ailə üçün yararsız olur, onlar qadınları yaxşı tanımır.Yaxşı tanısa, anlayar ki, qadın davamlı qaçmağa meyl edəcək, çünki o yeni evdədir, ona təzyiqlər olur, onun dözüb davam gətirməsi üçün dəstək vermək, lazım gəldikdə “dayan, getmə” deməyi bacarmaq lazımdır. Ailələrə olan qohum-tanış təsirləri, sosial vəziyyətin çoxunda düzəlməz olması, fiziki zorakılığın bitməməsi qadını ən ağır qərar verməsinə gətirib çıxarır. Boşanır”.

Psixoloqun fikrincə, heç kim öz isti evini sonu bəlli olmayan yola dəyişməz:

“Boşanma zamanı hər iki tərəfdə problemlər olur. Günah hər iki tərəfdə olur. “Məhz qadınlar günahkardır” demək doğru deyil. Qadın sadəcə yaşadığı əzablı həyatdan canını qurtarır. Düşünün, ata əgər anaya dəyər vermirsə,onu döyüb alçaldırsa, evin maddi təminatını vecinə almırsa, biz qadına necə deyə bilərik ki, sən bu "ailə" modelini qoru. Bəs, bizim məqsədimiz sağlam uşaqlar və gənclik deyildimi? Sağlam olmayan ailə mühitində travmalı gənclik yetişdirmək nə qədər doğrudur? Boşanmada qadınları günahkar biliriksə, bir il ərzində məişət zorakılığı nəticəsində həyatını itirən qadınların sayına baxsaq, kifayət edəcək ki, əslində ailədə kimin hansı vəziyyətdə olduğunu təyin edək. Kişilər artıq ailədə qəlibləşmiş şərq təffəkürünü dəyişməli, qadına əşya kimi baxmamalı ona dəyər verib sevməlidir. Ailələri sevgi və hörmət qoruyur. Bitmiş hisslərlə ailə davam edə bilməz”.


MANŞET XƏBƏRLƏRİ