İftarını restoranda açanların DİQQƏTİNƏ – “Quranda buyurulur ki…”


Ramazan ayında müzakirə olunan məsələlərdən biri də restoranlardakı iftar süfrələrinin qiymətləridir. Bildirilir ki, bu məbləğ adambaşına 24-90 manat aralığında dəyişir. Sözügedən rəqəmlər ictimaiyyətdə də narazılıq yaradıb. İftarın restoranda açılmasının əleyhinə olanlar da kifayət qədərdir. Belə şəxslər “şöhrətpərəst” adlandırılır, bunun dinlə əlaqəsi olmadığı bildirilir. Əksəriyyət düşünür ki, iftar süfrəsi evdə açılmalıdır.

Globalinfo.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, bu məsələdə sanki zəngin insanlar böyük yarışa giriblər:

“Ramazan ayı boyunca insan nəfsini təmiz etmək əvəzinə dəbdəbəli, bahalı restoranlar, eyni zamanda dolu süfrələr və sair kimi dəm-dəsgahları seçirsə, onlar orucun mahiyyətini anlamayıblar. Biz bu ay boyunca daha çox rəbbimizin rizasını qazanmaq, yoxsul adamların yanında olmaq, onların dərdini anlayıb dəstək vermək yerinə özümüzü, nəfsimizi düşünürüksə, bu, islamın ortaya qoyduğu təqva məktəbinin dərslərini yaxşı anlamamaq deməkdir. Quranda buyurulur ki, yeyin-için, israf etməyin. Çünki Allah o adamları sevməz”.

aga

Ağa Hacıbəyli

İlahiyyatçı bildirib ki, Ramazan ayında ən gözəli sadə süfrədir.

“İnsan restoranda da, evdə də, dostları ilə birlikdə də iftar aça bilər. Amma zəngin adamların iftarlarını yoxsul insanlarla etməsi daha məqsədəuyğundur. “Yoxsullar və ya zəngin insanlar iftar etməməlidir” kimi fikirlər səsləndirmirik. Təbii ki, iftar hər kəsin haqqıdır. Lakin burada bir hədd olmalıdır. Digər tərəfdən, yeməklərin çoxu elə restoranda qalır, qırıntı olaraq çölə tökülür. Bu da israflıqdır. İnanclı və müsəlman biri isə belə olmamalıdır. Əksinə, qənaət edər, peyğəmbərimizin süfrəsini göz önünə gətirər. İftar üçün sadə bir süfrə kifayət edir. Kimsə məsələnin daha dərinliyinə getmək istəyirsə, bu, islamın ruhuna müxalifdir”.


MANŞET XƏBƏRLƏRİ