22 il baş nazir oldu, nə restoranı var, nə obyekti... - Mərdanov


Bu gün - fevralın 26-da Azərbaycanın sabiq baş naziri Artur Rasizadənin 90 yaşı tamam olur.

Turkustan.az xəbər verir ki, vaxtilə Artur Rasizadənin rəhbərlik etdiyi Nazirlər Kabinetinin üzvü olmuş keçmiş təhsil naziri Misir Mərdanov Modern.az-a onunla bağlı xatirələrini bölüşüb.

“15 il nazir işlədiyim müddətdə mütəmadi görüşdüyüm bu insandan o qədər kübarlıq, alicənablıq gördüm ki, dostlarım inciməsə deyərdim ki, bəlkə Nazirlər Kabinetinin bütün strukturunda çalışanların hamısında bir yerdə onda olan qədər aristokratlıq yox idi. Bu insan gözü-könlü tox, yaxşılıqları hiss olunmadan etməyi bacaran, bir dəfə də səsini qaldırmayan, ancaq bütün işləri vaxtında, səliqəli və vicdanla edən və etdirməyi bacaran, unikal yaddaşlı, çevik analitik təfəkkürlü, güvənməli, etibarlı bir şəxsiyyətdir.

Azərbaycanda ləyaqət və abır simvolu hesab edilə biləcək Artur Rəsizadə bütün təriflərdən, təltiflərdən yüksəkdə dayanmağı bacaran bir insandır, bir çox həmkarından fərqli olaraq, ona ad günündə belə hədiyyə vermək mümkün deyildi. Yaxşı xatırlayıram, 2005-ci ildə 70 illik yubileyində bir dəstə qızılgülü böyük çətinliklə ona təqdim edə bildim”, - M.Mərdanov deyib.

Sabiq nazirin sözlərinə görə, Artur Rasizadə bütün digər məziyyətləri ilə yanaşı, həm də dostluqda, yoldaşlıqda çox etibarlı, sədaqətli insandır:

“Doğrudur, bəzi adamlardan fərqli olaraq, “hamı onun əzizi deyil”, hamıyla oturub-durmur, ancaq çörək kəsdiyi üç-dörd nəfərlə bu günə qədər də isti münasibətlər saxlayır, ildə bir, ya iki dəfə ətrafına toplayıb çay süfrəsi ndə şirin söhbətlər edir. Mən çox xoşbəxtəm ki, həmin üç-dörd nəfərin sırasında varam, ildə bir-iki dəfə bu müdrik insanla bir süfrənin arxasında əyləşirəm. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, bəzi yumoristik səhnələrdə guya Azərbaycan dilində yaxşı danışa bilməyən, jarqonlardan istifadə edən məmur kimi təqdim edilən Artur Rəsizadə əslində dilimizi, tariximizi, mədəniyyətimizi, poeziyamızı çox gözəl bilir, onun Füzulidən, Seyid Əzimdən, Hüseyn Caviddən dediyi şeirləri yəqin ki, Azərbaycanda çox az adam bilər. Bundan başqa, onun intellektual səviyyəsi çox yüksəkdir, dünyanın ən mürəkkəb texnologiyaları, elmi yenilikləri, bununla yanaşı, dünya ədəbiyyatının klassikləri - Dostoyevski, Stendal, Kamyu və başqalarının əsərləri haqqında elə maraqlı faktlar gətirir, elə şərhlər edir ki, məəttəl qalırıq”.

Misir Mərdanov onu da əlavə edib ki, Artur Rasizadənin vəzifədə işlədiyi dövrdə heç bir biznes obyekti olmayıb:

“22 il baş nazir işləyən, nə şadlıq evi, nə restoranı, nə bir başqa obyekti-filanı olan, sadə və təvazökar həyat yaşayır Artur Rəsizadə! Ancaq bu şəxsiyyəti yaxından tanıyanların ürəyində böyük bir abidəsi var. Əmisi Hüseyn Cavidin abidəsinə oxşayan möhtəşəm, bir qədər də dünyanın işlərinə gülümsəyən, tamahkarlara məəttəl qalan, “adamlar bu qədər yığdıqlarını hara aparacaqlar?!” ritorik sualını düşünərək başını aşağı salmış bir abidədir...

Bu gün onun 90 yaşı tamam olur. Canlı tarix, dərin zəkalı şəxsiyyət, humanist insan, böyük ürək sahibi, əsl vətəndaş və unikal ziyalı olan Artur Rəsizadəni bu yubileyi münasibətilə təbrik edirəm. Şərəfli bir ömrün növbəti zirvəsində dayanan bu fenomenal şəxsiyyətə cansağlığı və yeni yubileylər arzulayıram”.

Qeyd edək ki, Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub. Əslən Naxçıvandandır. O, kənd təsərrüfatı mütəxəssisi, şair Tahir Rasizadənin oğludur.

A.Rasizadənin anası milliyətçə rus olub.

Onlar ailədə iki övlad olublar – Artur və bacısı Tamella...

Artur Rasizadə Azərbaycanın məşhur şairi Hüseyn Cavidin qardaşı nəvəsidir.

O, 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. Əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması zavodunda mühəndis vəzifəsində başlayıb, sonra müxtəlif vəzifələrdə çalışıb.

1996-cı ildə mərhum dövlət başçısı Heydər Əliyevin sərəncamı ilə Baş nazir təyin edilib.

2005-ci ildə “İstiqlal”, 2010-cu ildə “Şərəf”, 2015-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Artur Rasizadə 2018-ci il aprelin 21-də Nazirlər Kabineti yenidən formalaşdırılarkən təqaüdə yola salınıb.

Artur Rasizadənin həyat yoldaşı – mərhum Aida xanımın atası azərbaycanlı, anası isə rus olub. Aida xanım 2017-ci ildə vəfat edib.

Sabiq baş nazirin yeganə övladı - qızı Nailə Rasizadə 1961-ci ildə Bakıda doğulub. İlk orta təhsilini Bakıdakı 1 saylı məktəbdə alıb. Nailə Rasizadə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (keçmiş Neft və Kimya İnstitutu) bitirib. N.Rasizadə evlidir, Tahir və Rəna adlı iki övladı var.

2025-ci il fevralın 20-də Artur Rasizadə “Heydər Əliyev” ordeni alıb.


MANŞET XƏBƏRLƏRİ