Son günlər Azərbaycanda rus dili və rəsmi dövlət dili olan Azərbaycan dili arasında müzakirələr yenidən başlayıb. Zaman-zaman mübahisələrə səbəb olan bu mövzu bu gün də cəmiyyət arasında ciddi müzakirələrə səbəb olub. Əhalinin böyük hissəsi və çox sayda ziyalılar bütün məsələlərdə dövlət dilinin ön planda olmasını, həmçinin Azərbaycan dilinin inkişafının əsas prioritet hesab edilməli olduğunu müdafiə edir.
Bəs bu gün Azərbaycanda hər hansı xarici dilin yüksək səviyyədə təbliğ və təşviqinə ehtiyac varmı?
“Füyuzat” sözügedən mövzu ilə bağlı tənqidçi-yazar, filologiya elmləri doktoru, professor Vaqif Sultanlı və şair-publisist, Uluslararası “Alaş” Ədəbiyyat ödülü laureatı Əkbər Qoşalının fikirlərini öyrənib.
Vaqif Sultanlı bildirib ki, Azərbaycanda rus dilində məktəblərin olması qanunsuzdur və ana yasaya ziddir:
“Bu səbəbdən müzakirəyə çıxarılması da hüquqi baxımdan yanlışdır. Övladlarına təhsil vermək istəyən sadə vətəndaşların seçim qarşısında qoyulması doğru deyil. Dövlət bu məsələdə Qarabağ savaşında olduğu kimi, sərt, radikal addımlar atmalıdır. Rusca təhsil verən orta məktəblər və universitetlərin rus bölmələri hər hansı səviyyədə müzakirəyə çıxarılmadan dərhal bağlanmalıdır. İmperiyanın mirası olduğu, milli düşüncəni təhdid etdiyi, ana dilinin yayılma arealını daraltdığı üçün rus məktəblərinin ödənişli əsaslarla belə fəaliyyətinə yol verilməməlidir. Özünə hörmət edən heç bir dövlət öz doğma dilini qoyub millətini ikiyə parçalayan, iki əsrdən artıq sərvətlərini yağmalayan, 1918-ci ildə qan bahasına qurulan Cümhuriyyəti yerlə bir eləyən, xalqını sovet boyunduruğuna salan, rus-sovet müstəmləkəçiliyi dönəmində on minlərlə düşünən insanlarını, say-seçmə aydınlarını qətlə yetirən, Sibirin buzlu cəhənnəmində məhv edən, yurdundan didərgin salan, millətinin adını dəyişən, tarixini saxtalaşdıran, Qarabağı xarabazara çevirən, 20 Yanvar qırğınını, Xocalı soyqırımını törədən qanlı bir imperiyanın dilində təhsil ocaqları yaradılmasına imkan verməməlidir”.
Professor, həmçinin qeyd edib ki, məsələyə piar məntiqi ilə yanaşaraq bilərəkdən rus məktəbi ilə rus dilini eyniləşdirirlər:
“Bu dildə təhsil almaq sadəcə dil öyrənmək deyil, postkolonial dönəmdə Rusiya imperiyasının təsir dairəsinin qorunub saxlanılması məqsədi daşıyır. Uzun illər aparılmış manqurtlaşma siyasəti bütöv bir nəslin düşüncəsində öz təsirini qoyduğundan rus məktəbləri ilə bağlı məsələ ortaya gələn kimi köləlik təfəkkürü, cəllad sevgisi ilə onun müdafiəsinə qalxırlar”.
Vaqif Sultanlı əlavə edib ki, rus dili heç bir zaman mədəniyyət yaymaq missiyası daşımamışdır:
“Tarixən rus məktəbləri imperiya siyasətini yürütmək üçün manqurtlar nəsli, “rusbaşlar ordusu” yaratmaq məramına xidmət etmişdir. Bu gün Rusiya Federasiyasının sərhədləri içərisində assimiliyasiya siyasətilə yox edilən iki yüzə yaxın xalqın faciəli taleyi və postsovet ölkələrinin tarixi bunun canlı örnəyidir”.
Mövzu ilə bağlı açıqlamasında Əkbər Qoşalı bildirib ki, son günlər yenidən Azərbaycan dili, rus dili, türk dili anlayışları üzərindən manipulyasiyalara tanıq oluruq:
“Azərbaycan dilinə, türk dilinə, Azərbaycan, türk milli kimliyinə, Azərbaycan, türk qüruruna sevinə bilməyən, əksinə bundan rahatsız olan adamlar “fürsət” kimi görünən hər imkandan yararlanaraq anti-Azərbaycan mövqeyindən çıxış edir. Onlar öz mövqelərini, daha doğrusu, mövqesizliklərini müxtəlif “elmi”, “siyasi” və “uluslararası təcrübə” pərdəsi altında təqdim etməyə çalışır, rusdilli məktəblərin Azərbaycanda mövcudluğunun və gələcəkdə də fəaliyyət göstərməsinin zəruriliyini əsaslandırmağa əsassız cəhdlər edir. Eyni zamanda Azərbaycan dilinin türk dilləri ailəsinə mənsub olması, bir türk dili olması faktını sanki inkar etməyə yönəlik çabalar da hiss olunmaqdadır.
Azərbaycan dili, qazax, qırğız, özbək, türkmən, tatar, başqırd, qaqauz dili və digər türkcələrimiz də türk dilidir. Geniş coğrafiya və zəngin çalarlar heç kimi rahatsız etməməlidir. “Ortaq keçmişdən ortaq gələcəyə” doğru gedən xalqlar üçün bu dillərin hər biri doğmadır, əzizdir. Ortaq türkcəni də aydınlarımızın xidmətləri, dövlətlərimizin siyasi iradəsi, iqtisadi gücümüz, mədəniyyət-sənət bağlarımız, hərtərəfli yaradıcılıq aktlarımız, nəhayət, zaman özü yoluna qoyacaqdır.
Bundan başqa, Azərbaycan dilinin, türk dilinin rus dili ilə süni şəkildə qarşı-qarşıya qoyulması – şüuraltı olaraq fərqli məqsədlərin təbliğ edilməsi halları da görünməkdədir. Rusiya Federasiyasının öz dövlət dili, öz dil mühiti və təhsil sistemi var. Biz də iki yüz ildən artıq onlarla və bir çox qonşularla eyni mühiti paylaşmışıq; lakin indi müstəqil dövlətik. Rusiya Federasiyası da, Azərbaycan da müstəqil dövlətlər olaraq öz yolları ilə getmə haqqına sahibdir”.
Əkbər Qoşalı, həmçinin Rusiyada Azərbaycan dilinə biganə yanaşılmasına da diqqət çəkib:
“Maraqlıdır ki, Moskva şəhərində yaşayan çoxsaylı xalqlar içərisində ikinci yerdə qərarlaşan xalq azərbaycanlılardır, amma gəlin görək, orada dövlət büdcəsindən maliyyələşən Azərbaycandilli məktəb varmı? Rusiyanın ikinci ən böyük xalqı tatarlardır, üstəlik digər türk xalqlarının ümumi sayı da nəzərəçarpacaq dərəcədə çoxdur; bəs federasiyanın bütün ərazisində onların geniş şəkildə strukturlaşmış dil mühiti, məktəbləri varmı? – Biz buna qarışmırıq, “federasiyanın iç məsələsidir” deyirik; amma Azərbaycanda rusdilli məktəblərin sayının kamil tənzimlənməsi bizim məsələmizdir.
Ermənistanda, Gürcüstanda, Baltikyanı ölkələrdə, Ukraynada və Moldovada rusdilli məktəblərin geniş şəkildə mövcud olmadığı, bir sıra hallarda isə heç yerli-dibli olmadığı doğrudursa, Azərbaycanda bu sayın yüksək olmasını biz nə ilə yorumlaya bilərik? Əgər belə məktəblər “Rusiyanın qucağından başqa qucağa sürüşmək istəyən” və Rusiya ordusunun yerləşdiyi Ermənistanda yoxdursa, Gürcüstanda, Ukraynada, Moldovada yoxdur və ya azsaylıdırsa, Baltikyanı ölkələrdə tamamilə yoxdursa, onda Azərbaycanda niyə bu qədər rusdilli məktəb olmalıdır? Bu hansı tarixi, çağdaş və gələcəkyönümlü önəm daşıyır? – Doğrusu, qalib Azərbaycan üçün keçərli bir səbəb tapmaq çətindir”.
Şair-publisist mövzunun ciddiyətinə diqqət çəkib:
“Əlbəttə, mövzu olduqca mürəkkəbdir və biz onu çox da sadə iş kimi tanıtmaq istəmirik. Mövzu tarixi, siyasi, mədəni bağlamda dərindən təhlil olunmağı haqq edir. Bu yerdə bir neçə əsas məqamı vurğulayaq:
Bəli, Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur və bunu heç kim inkar edə bilməz. Dilimizin rəsmi olaraq “Azərbaycan dili” adlanması tarixi-siyasi kontekstdən doğub, lakin onun tamhüquqlu türk dillərindən biri olması həqiqətdir. Qalib Azərbaycanın gələcəkdə bir sıra məsələlər kimi, humanitar məsələlərdə, dil məsələsində də Türk Dövlətlər Təşkilatına öz töhfələrini verəcəyinə inamımız tamdır. Yəqin, bu planda Təşkilatdan Birliyə keçidimiz də rəsmiləşməlidir.
İkinci vurğumuz rus dilinin Azərbaycandakı rolu və onun gələcəyi ilə bağlıdır:
– Azərbaycanda rus dili digər yabançı dillər kimi, onlarla eyni dərəcədə öyrənilə bilər; lakin rus dilində təhsil alanların çoxluğu, rusdilli məktəblərin geniş yayılması ölkədə Azərbaycan dilinin mövqeyini qətiyyən zəiflətməməlidir.
– Müstəqil, qalib Azərbaycanda təhsil sisteminin milli çıxarlara uyğun tənzimlənməsi ilə bağlı çağırışların dəyərləndirilməsinin ümumi işimizə xeyri vardır.
– Azərbaycanın təhsil siyasəti, əlbəttə, bundan sonra da milli kimliyimizi qorumağa, gücləndirməyə xidmət etməlidir.
– Yabançı dillərin öyrənilməsi bərabərhüquqlu ortamda stimullaşdırıla bilər, lakin bu, dövlət dilinin mövqeyini heç bir şəkildə (birbaşa və ya dolayı yolla) zəiflətməməlidir.
Doğrudur, bu məsələdə emosional deyil, analitik düşünmək vacibdir. Uluslararası bağlarımız davam və inkişaf etməli, lakin təkrarçılıq olmasın, milli kimliyimizi, dilimizi və mədəniyyətimizi qorumağa üstünlük verməliyik.
Əsas olan odur ki, dövlətimiz zaval görməsin!”