Sosial şəbəkələrdə özünü psixoloq kimi təqdim edən qadının xəstə paltarı geyinən insanları kütləvi şəkildə ağladaraq “şəfalanma” seansı həyata keçirdiyi əks olunan görüntülər yayılıb.
İddia edilir ki, bu yolla bütün acılar ortaya çıxır və travmalarını xatırlayaraq şəfa tapırlar.
Bu şəfa tapmaq üsulu bir qədər şübhəli gəldiyi üçün məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzinə müraciət etdik.
ərkəzdən Lent.az-a verilən açıqlamaya görə, “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 7 dekabr 2018-ci il tarixli Qanununa müvafiq olaraq psixoloji yardımın göstərilməsi psixoloji yardım göstərmək hüququ olan psixoloq və ya klinik (tibbi) psixoloqlar tərəfindən həyata keçirilir.
Klinik psixoloq kimdir?
Məlumatda qeyd olunur ki, mülkiyyət növündən asılı olmayaraq tibb müəssisələrində klinik (tibbi) psixoloqlar tərəfindən psixoloji yardım göstərilir:
"Klinik (tibbi) psixoloqlar tibb müəssisələrində psixoloji yardım göstərmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) ixtisas attestatı almalıdırlar. Klinik psixoloji yardım göstərilməsi zamanı klinik (tibbi) psixoloq tərəfindən dərman preparatlarının təyini, o cümlədən insan orqanizmini mexaniki və ya digər təsirlərə (cərrahiyyə, lazer, ionlaşdırıcı şüa, ultrasəs, elektrokonvulsiv terapiya) məruz qoyan müalicə üsullarından istifadə edilməsi qadağandır".
Psixoloq lisenziyası olmadan fəaliyyətin hüquqi nəticələri
"Tibb müəssisələrində psixoloji yardımın göstərilməsinə nəzarət tibb müəssisəsinin rəhbərliyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən həyata keçirilir.
“Psixoloji yardım haqqında” qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar".
Analitik Ekspertiza Mərkəzin bildirir ki, bu kimi hallar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır:
Azərbaycanda psixoloji yardım almaq üçün qanuni şərtlər
"Ölkədə fəaliyyət göstərən özəl psixoloji mərkəzlərin həyata keçirdikləri psixoloji ixtisas üzrə işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunan “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda olmadığı üçün Səhiyyə Nazirliyini və tabeliyində olan qurumlar tərəfindən nəzarət edilmir. Lakin belə psixoloji mərkəzlərdə hər hansı bir tibb fəaliyyətin həyata keçirilməsinə dair fakta əsaslanan vətəndaş və yerli dövlət özünüidarəetmə orqanlarından daxil olan rəsmi müraciətlər olarsa, həmçinin də media tərəfindən yayımlanan real tibb fəaliyyətinə əsaslanan hallarda Səhiyyə Nazirliyi və tabeliyində olan aidiyyəti qurumlar tərəfindən qanunvericiliklə müəyyən olunan qaydada uyğun nəzarət tədbirlərinin həyata keçirilir".
Məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır
"O ki, qaldı hansısa fırıldaqçıların kütləvi fəaliyyətinə, bu faktların araşdırılması hüquq-mühafizə orqanlarının səlahiyyətinə daxildir".
Görüntülər "Bakuplus.az"a məxsusdur