Bakıda özünü psixoloq kimi təqdim edən Əfsanə Qasımlı adlı şəxs “şəfalanma” adlı seans keçirib. Seans zamanı qonaqlar xəstələr üçün nəzərdə tutulmuş paltar geyiniblər. Onlardan bəziləri əsə-əsə, bəziləri isə yerə yıxılaraq ağlayıb. İddia edilir ki, bu yolla bütün acılar ortaya çıxır və travmalarını xatırlayaraq şəfa tapırlar.
Yenisabah.az psixoloq və spiritual təlimçi kimi fəaliyyət göstərən qadınla bağlı araşdırma edib.
Əfsanə Qasımlı bir müddət öncə “Azerina” adı ilə məşhurlaşıb. Onun haqqında dələduzluq ittihamları yayılıb. Belə ki, instaqramda “life coach” kimi fəaliyyət göstərən Azerina adlı xanımın insanları aldadaraq pullarını mənimsədiyi iddia edilib və feysbukda"Şəbəkə" səhifəsi dələduzluqda ittiham olunan Azerinanı ifşa edib.
"Şəbəkə"nin yazdığı mətndə deyilir:
"Bu gənc qadın deyilənə görə, fırıldaqçılıqla məşğuldur. İnstaqramda Azerina adı ilə tanınır. Adi, ucuz pul kisələrini "dua oxumuşam, çoxlu pul qazanacaqsınız" adı ilə 400-500 AZN-ə satır. Sonra da camaatı inandırmaq üçün fake profillər açıb (və ya açdırıb) özünə təriflər yazdırır. Adamın 400 mindən çox izləyicisi var. Müraciətlərə meneceri cavab verir. Özünü uzman astroloq kimi təqdim edir. Şüarı da belədir: "xəyallarınızı reallarınız edirəm". Deyilənə görə, bu qadının toruna düşmüş xeyli zərərçəkən var. Paylaşırıq ki, xəbəriniz olsun", - səhifə izləyicilərini aldanmamağa çağırıb.
Xatırladaq ki, Azerinanın dələduzluğu haqqında ilk dəfə bloger Aynur Qurbanqızı məlumat yayıb. O bildirib ki, Azerina insanları ağlasığmaz yalanlarla aldadır:
“Araşdırdım məlum oldu ki, hamısı pulla tutulmuş profillərdir. Bunu tək mən yox, siz özünüz də baxsanız görərsiz ki, eyni mesajlar kopyalanıb “spam” kimi bütün statuslara atılır və eyni profillər tərəfindən edilir. Sonra onunla işləyən adamın yaxını ilə danışdım, deyir bu saxta reklam mesajlar üçün xüsusi şirkətə pul ödəyir və status paylaşılanda hamısı spam kimi bu tip şərhlər atmağa başlayır. Və bizim kimi sadə adam da baxır şərhə ki, bu qədər adam yazıbsa, yəqin düz olar. Seansına gedib 300-500 azn ödəyir. Marafonların eynisi başqa adamlarda 15-20 AZN-dir, amma reklam şərhlər və pul qarşılığı bloger reklamlarından sonra adını məşhurlaşdıran bu 150- 200 AZN qoyur. Təsəvvür edin də, 50-100 təsirə düşmüş adam qatılanda (və qatılırlar da) nə qədər pul edir. 1 həftəyə 10-20 min AZN. Əlbəttə, sizin bu pulla daha çox gəlir əldə etmək üçün məşhur blogerlərə pul ödəyib reklam da etmək olar, hələ pulla şərh yazanları tutmaq da. Mənə gələn məktubların birində deyilir ki, Azerina maşın yanında durmuş qız paylaşıb və yazıb ki, bəs mənim pul marafonumdan sonra bu qoşulan xanım 3 günə bahalı maşına sahib oldu. Məktubda bildirilir ki, əslində maşın onun qardaşına məxsusdur, sevgilisi yanında şəkil çəkdirib və bu da hansısa məvacib qarşılığında başlayıb. Yəni belə oyunlar qurulur. Əlbəttə həftəyə 20 min azn qazanan üçün pulla adam tutmaq çətin deyil”.