Əməliyyat zamanı "TikTok"da canlı yayım açan cərrah Ruslan Ağayev Səhiyyə Nazirliyinə dəvət olunub və Nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbətlər aparılıb.
Bu barədəSəhiyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Səhiyyə Nazirliyinin 137 nömrəli əmri – “Həkimin Etik Davranış Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib.
Qeyd edək ki, "National Prime Hospital"da fəaliyyət göstərən ümumi cərrah Ruslan Ağayev özünün "TikTok" sosial şəbəkəsindəki səhifəsində əməliyyat zamanı canlı yayım açıb.
Xatırladaq ki, əvvəllər də əməliyyat zamanı canlı yayım açan bəzi həkimlər cəzalandırılıb. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən bu kimi halların qanunsuz olduğu bildirilib.