Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa tanınmış ictimai xadim Əhməd Qəşəmoğlunu 75 illik yubileyi ilə bağlı təbrik edib.
Komitə sədrinin yubilyara ünvanladığı məktubda deyilir:
“Hörmətli Əhməd müəllim,
Sizi 75 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Siz uzunmüddətli, səmərəli ədəbi-ictimai və elmi fəaliyyətinizlə seçilirsiniz.
Yaradıcılığınız, müraciət etdiyiniz mövzular ədəbiyyatın, humanitar elmlərin önəmli mövzularını əhatə edir.
Siz uzun illər müxtəlif ictimai birliklərin qurucu-rəhbəri və Milli QHT Forumu İdarə heyətinin üzvü olaraq çalışmış, elmi və ədəbi yaradıcılıqda olduğu kimi, ictimai fəaliyyətdə də obyektiv mövqe tutmuş, ictimai xadim olaraq ün qazanmısınız.
Siz keçmiş SSRİ-də riyaziyyatın sosiologiyaya tətbiqi sahəsində fəaliyyətə başlayan ilk mütəxəssislərdən olmusunuz. Təsadüfi deyil ki, siz Azərbaycanda ilk müstəqil “Sosioloji Araşdırmalar Mərkəzi”nin, habelə emprik sosiologiyanın əsasını qoymuş alim kimi tanınırsınız. 90-cı illərdə Azərbaycan Respublikası parlamenti yanında “Humanitar tədqiqatlar və Proqnozaşdırma Mərkəzi”nin rəhbəri olmuşunuz. 350-yə qədər sosioloji araşdırmanın aparılmasına rəhbərlik etmiş, çoxsaylı fəaliyyət proqramları işləmisiniz. 300-ə qədər elmi-publisistik məqalənin, 10-dan artıq bədii, elmi kitabın müəllifisiniz. Əsərləriniz müxtəlif dillərə çevrilərək, yayınlanıb.
ABŞ, İrlandiya, İsveç, Misir, qardaş Türkiyə və b. ölkələrdə keçirilən beynəlxalq toplantıların nümayəndəsi olmusunuz. Yaradıcısı olduğunuz “Ahəngyol” elmi-fəlsəfi konsepsiyası sizə şöhrət qazandırıb.
“Vurğun külək” (Bakı, “Yazıçı”, 1982), “Dünya çağırır məni” (Bakı, “Yazıçı”, 1988), “Vlyublennıy veter” (Moskva, “Molodaya qvardiya”, 1985), “Dünyadan keçirəm indi” (Bakı, “Yazıçı”, 1997), “Eşqdən o yana” (Bakı, “Elm və təhsil”, “Rəsul Rz”a (poema; Bakı, “Elm və təhsil”, 2023),
“Tətbiqi sosiologiya” (Bakı, “TED”, 1998), “Sosioloji araşdırma aparanlara kömək” (Bakı, “Sabah”, 2000), “Sosial idarəetmənin fəlsəfi və sosioloji problemləri” (Bakı, “Yazıçı”, 2008), “Sonsuzluğun ahəngi” (Bakı, “Xan”, 2015), 2020), “Sosial-iqtisadi proseslərin idarə olunmasında ahəngyol nəzəriyyəsindən istifadə” (Bakı, “Elm və təhsil”, 2021) və b. kitablarınız gün üzü görüb.
Sizi 75 illik yubileyiniz, ictimai, ədəbi, elmi yaradıcılıq uğurlarınızla bağlı bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!