Azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyevin nəticəsi Leyla Aru illər sonra görüntülənib.
Turkustan.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə hazırda Amerikada yaşayan azərbaycanlı jurnalist Aynur Talıbova sosial media hesabında yazıb.
O, Leyla Arunun 44 ildir Virginiyada yaşadığını bildirib:
“Amerikada doğulub, sonradan ailəsinin işi ilə əlaqədar İstanbula getsə də, 80-ci illərin siyasi cərəyanlarının nəticəsində türkiyəli həyat yoldaşı ilə birlikdə yenidən, həmişəlik ABŞ-yə yerləşib.
Bakı milyonçuları - ana tərəfdən Hacı Zeynalabdin Tağıyev və ata tərəfdən Şəmsi Əsədullayevin nəticəsidir. O, Hacı Zeynalabidin Tağıyevin qızı Leyla Tağıyevadan olan nəvəsi Gülnar xanımın övladıdır. Özündən başqa bir bacısı və qardaşı da Amerikada yaşayır.
Ailə hekayəsi ilə bağlı bir film hazırlamaq təklifimizə isti baxmadı. Tağıyevə Bakıda heykəl qoyulduğunu, haqqında film çəkildiyini də bilir, ancaq çox da vacib olmadığını vurğulayır. Əslində xeyriyyəçilik missiyasını böyük məmnuniyyətlə davam etdirə biləcəklərini söyləyir. Amma bir zamanlar məhrum qaldıqları haqq və hüquqları bərpa olunmadığından əllərindən bir şey gəlmir deyir”.
Qeyd edək ki, Leyla Aru sonuncu dəfə 2016-cı ildə Azərbaycan mətbuata müsahibə verib. Belə ki, qardaşı Əli bəy Səfiyurdlu ilə birlikdə AzVision.az-a müsahibə verən Leyla xanım Azərbaycana gəlmək istədiyini də vurğulamışdı. Ən böyük arzunuz nədir sualına isə “Kaş ki, şərtlər fərqli olaydı, biz də babamızın sərvəti ilə Azərbaycandan xeyli tələbənin təhsil almasına yardım edəydik” deyə, cavab vermişdi.