Böyük Quruluş Partiyasının başqanı, Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa 2 fevral - Gənclər Günü ilə bağlı ölkə gəncliyini təbrik edib:
"1997-ci ildən bəri bugünkü gün ölkəmizdə Gənclər Günü kimi qeyd edilrir. Bu münasibətlə, əziz gənclər, sizin hər birinizi səmimi-qəlbdən təbrik edir, sizə möhkəm cansağlığı, yüksək əhvali-ruhiyyə, uğur dolu gələcək və sağlam həyat arzulayıram!
Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda, daim axtarışda olan və yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Gəncliyi dinləmədən əsil demokratik cəmiyyətlər qurula bilməz 1996-cı il fevralın əvvəllərində Azərbaycan gənclərinin ilk forumu keçirildi və bununla da gəncliyin inkişafına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Son illər Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindən biri də, məhz gənclər siyasətidir. Bu siysətin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etməkdir. Gənclərin vətənpərvərlik, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalıqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosail-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların yaradıcılıq potensialının ümummilli problemlərin həllinə səfərbər olunması bu siysətin əsas prinsiplrindəndir.
Gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə bir neçə dövlət proqramları və müvafiq qanun qəbul edilib.Bu proqramlar dünyada gedən prosesləri nəzərə alaraq, qarşıdakıi illərdə də Azərbaycan gənclərinin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, onlar tərəfindən rəqabətə davamlı biliklərin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqini zəruri edir.
Yüksək ixtisaslı, geniş və qabaqcıl dünyagörüşlü, xalqına, dövlətinə sadaqətli kadrlar yetişdirməək üçün bütün vəsaitlər təhsilə xərclənməli, bütün imkanlar oraya yönəlməlidir. Bununla biz geridə qaldığımız hansı nüanslarımiz, hansısa xaraterik cəhətlərimiz varsa, ondan qurtula bilərik. Gəncliyə mənim tövsiyəm:-Birinci növbədə oxuyun. Təhsil aldığınız, ixtisaslara yiyələndiyiniz məktəblərdə verilən imkanlaı dəyərləndirin, mütaliə edin, hazırlıqlı olun, dünyagörüşünüz kifayət qədər geniş olsun ki, hansısa geniş, başqa bir ictimai kontaktda, kommunikasiyada olduğunuz zaman siz uğur qazana biləsiniz. Yoxsa, başqalarının ideolgiyasının, başqalarının iradəsinin əsiri olmaqdan, yönləndirdiyi yolu getməkdən başqa əlinizdən bir şey gəlməyəcək.
İnanıram ki, Azərbaycan gəncliyi tariximizin daha çox məsuliyyət tələb edən indiki dövründə də ölkəmizin gələcək inkişafı naminə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək, ona bəslənən ümidləri doğuldacaqdır".