Türkiyənin Bolu əyalətində yerləşən Kartalkaya xizəkçilik mərkəzində baş verən məlum yanğın insanları ciddi şəkildə narahat edib. Bu, olduqca üzücü bir hadisədir. Həm belə bir hadisənin qardaş ölkədə yaşanması, həm də günahsız insanların istirahət etdikləri zaman faciəvi şəkildə həlak olmaları hər kəsi kədərə boğur. Bədbəxt hadisə yalnız otellərlə bağlı deyil, yaşayış binalarında da yanğın təhlükəsizlik məsələsini gündəmə gətirib.
Yalnız Türkiyədə yox, digər ölkələrdə də əksər otellərdə təhlükəsizlik məsələləri ilə bağlı bəzi boşluqların olduğu istisna olunmur. Bəs turist kimi üz tutduğumuz ölkələrə gedərkən biz nələrə diqqət etməliyik? Otelə yerləşən şəxsin otel rəhbərliyindən təhlükəsizliklə bağlı vəziyyətin necə olmasını soruşmağa, məlumat tələb etməyə ixtiyarı varmı?
Ümumiyyətlə, otellərdə təhlükəsizlik tədbirləri necə yoxlanılır?
Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən ildə bir dəfədən az olmayaraq yoxlamalar həyata keçirilir.
Onun sözlərinə görə, hər hansısa bir obyektdə uyğunsuzluq və ya nöqsanlar aşkarlanarsa, aidiyyəti dövlət qurumu tərəfindən növbədənkənar yoxlamalar təyin oluna bilər:
“Otellərdə və digər istirahət mərkəzlərində yanğın təhlükəsizliyi ilə bağlı sistemlərin mövcudluğundan əlavə onların saz vəziyyətdə saxlanılması xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, bu tip obyektlərdə yanğın təhlükəsizliyinin təmin olunmasına cavabdeh şəxs müəssisə rəhbəri sayılır. Ona görə də müəssisə rəhbərləri yanğın təhlükəsizliyi məsələlərinə vəsait ayırmaqdan çəkinməməlidirlər. Onu da nəzərə almalıdırlar ki, hər hansı bir yanğın hadisəsindən sonra müəssisəyə dəyən zərər daha öncə ayrılan vəsaitdən 5-10 dəfə çox olur. Bunu statistikalar da sübut edir. İri ticarət mərkəzlərində, xüsusi plazalarda, yağın və digər fövqaladə hallara hazırlıq çərçivəsində maarifləndirici və təbliğat xarakterli işlər aparılmalıdır, praktiki məşğələlər keçirilməlidir. İnsanların bu cür situasiyalara hazırlıq səviyyəsi yoxlanılmalıdır”.
Orxan Musayev
Fövqaladə Hallar Nazirliyindən saytımıza verilən məlumata görə, mehmanxanalarda yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunmalıdır:
“Ölkə ərazisində mehmanxanaların yanğın təhlükəsizliyi “Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu”, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları” və “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları” ilə tənzimlənir. Qüvvədə olan qanunvericiliyə görə, mülkiyyət formasından asılı olmayaraq bütün obyektlərdə olduğu kimi mehmanxanalarda və mehmanxana tipli obyektlərdə də binaların, qurğu və otaqların yanğın təhlükəsizliyinin təmin olunmasında məsuliyyət bu müəssisələrin rəhbərlərinin üzərinə düşür. Mehmanxanaların və mehmanxana tipli obyektlərin müvafiq vəzifəli şəxsləri, eləcə də mühəndis-texniki xidmətləri binaların avtomatik yanğınsöndürmə, tüstü xaric edən və yanğına qarşı su təchizatının texniki vəziyyətinə görə məsuliyyət daşıyırlar. Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti öz səlahiyyətləri çərçivəsində mehmanxanalarda hər il planlı şəkildə yanğın-texniki müayinələr keçirir. Müayinələr zamanı mehmanxanalarda yanğın təhlükəsizliyi qaydalarının tələblərinin yerinə yetirilməsi vəziyyəti yoxlanılır, nöqsanlar aşkar edildikdə tələbnamə yazılı şəkildə obyekt rəhbərinə təqdim olunur. Əgər qeyd olunan nöqsanlar aradan qaldırılmasa, qanunvericilikdə nəzərdə tutulmuş qaydada İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun inzibati xəta haqqında protokol tərtib edilir”.
FHN-dən bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti, həmçinin mehmanxanalarda mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirir, mehmanxananın əməkdaşları yanğın təhlükəsizliyi qaydaları barədə məlumatlandırılır, mehmanxana əməkdaşlarına Nazirlik tərəfindən hazırlanmış maairfləndirici vəsaitlər (videoçarx, broşür və s.) təqdim olunur:
“Bununla yanaşı, mütəmadi olaraq mehmanxananın əməkdaşları, o cümlədən xidməti və texniki heyətinin iştirakı ilə praktiki məşq və təlimlər keçirilir. O da qeyd olunmalıdır ki, mehmanxananın rəhbərləri mehmanxanaların fəhlə və qulluqçuları ilə (ilkin və təkrar) yanğına qarşı təlimatların, eləcə də yanğın-texniki minimum üzrə dərslərin keçirilməsini və ildə iki dəfədən az olmayaraq, xidməti heyət ilə yanğın zamanı köçürmə planı üzrə hərəkətlərin (yanğınsöndürmə xidmətinin çağırılması, insanların təxliyə edilməsi və yanğınsöndürmə qurğularının düzgün istifadə edilməsi) təlim-məşqlərini təşkil etməyə borcludurlar”.
Qurumdan verilən məlumata görə, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, obyektlərdə, o cümlədən mehmanxanalarda və mehmanxana tipli obyektlərdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları bu sahədə lisenziyası olan şirkətlər tərəfindən quraşdırılmalıdır:
“Belə ki, həmin şirkətlər tərəfindən bu qurğulara texniki servis xidməti göstərilməlidir. Mülkiyyət formasından asılı olmayaraq, bütün obyektlərdə olduğu kimi mehmanxanalarda və mehmanxana tipli obyektlərdə də binaların, qurğu və otaqların yanğın təhlükəsizliyinin təmin olunması, o cümlədən avtomatik yanğınxəbərverici siqnalizasiya qurğularının təmin edilməsi üzrə məsuliyyət bu müəssisələrin rəhbərlərinin üzərinə düşür. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri çərçivəsində obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinin yerinə yetirilməsi, o cümlədən avtomatik yanğınxəbərverici siqnalizasiya qurğularının, eləcə də digər yanğından müdafiə vasitələrinin mövcudluğu və sazlığına müvafiq dövrülüklə həyata keçirdiyi yoxlamalar zamanı nəzarəti təmin edir”.