Texnologiya dünyasının iki nəhəng siması – Mark Zukerberq və Co Roqan yaxın zamanlarda keçirilən podkast söhbətində texnologiyanın gələcəyi və istifadəçi azadlığı mövzusunda maraqlı müzakirələr aparıblar.
Turkustan.az xəbər verir ki, “Meta” şirkətinin rəhbəri Zukerberq “Apple”ın son böyük yeniliyinin “iPhone” olduğunu və bu cihazın Stiv Cobsun irsinin zirvəsi kimi tarixdə yer aldığını bildirib.
Söhbət zamanı Roqan bir texnoloji şirkətdən asılı olma qorxusu ilə “iPhone”dan “Android”ə keçdiyini etiraf edib. Zukerberq, “Apple”ın qapalı ekosistemini tənqid edərək, bu modelin digər istehsalçılar üçün ciddi maneələr yaratdığını vurğulayıb. Xüsusilə, “AirPods” kimi məhsulların bazarda rəqabəti məhdudlaşdırdığını və istifadəçiləri daha yaxşı seçimlərdən məhrum etdiyini qeyd edib.
Zukerberq həmçinin “Apple”ın istifadəçi məxfiliyi və tətbiq siyasəti ilə bağlı sərt mövqeyini də müzakirəyə çıxarıb. O, WhatsApp üzərindən istifadəçi mesajlarına giriş tələb etdiyini etiraf edərək, məxfiliyin qorunmasının vacibliyini vurğulayıb. Zukerberq Bayden administrasiyasının sosial mediaya tətbiq etdiyi senzura təzyiqlərindən də narazılığını ifadə edib və kəşfiyyat orqanlarının WhatsApp istifadəçilərinin mesajlarını oxuduğunu etiraf edib.
Bu söhbət texnologiya sahəsində azadlıq, innovasiya və məxfilik mövzularında yeni müzakirələrə səbəb olub və istifadəçilərin gələcəkdə necə seçim edəcəkləri ilə bağlı suallar yaradıb.
Bəs WhatsApp istifadəçisi izləndiyini necə müəyyən edə bilər, çıxış yolu nədir? İstifadəçi nələrə diqqət etməlidir?
Mütəxəssislər WhatsApp istifadəçilərinin izlənib-izlənmədiyini müəyyənləşdirmək və təhlükəsizliyi artırmaq üçün aşağıdakıları tövsiyə edirlər:
-Şübhəli fəaliyyətə diqqət yetirin. Mesajlarınızın oxunduğunu və ya yönləndirildiyini göstərən izlər (məsələn, tanımadığınız cihazlar). WhatsApp Web-ə qoşulmuş naməlum cihazları yoxlayın: Tətbiq > Parametrlər > Bağlı cihazlar.
-Hesab təhlükəsizliyini artırın. İki addımlı doğrulama aktiv edin: Parametrlər > Hesab > İki addımlı doğrulama. Güclü və unikal bir şifrə istifadə edin.
-End-to-End şifrələmə. WhatsApp mesajlarının end-to-end şifrələmə ilə qorunduğu bildirilsə də, kəşfiyyat orqanlarının arxa qapılardan istifadə edə biləcəyinə dair narahatlıqlar var.
Bu səbəbdən:
-Kritik məlumatları paylaşmaqdan çəkinin.
- Alternativ, daha təhlükəsiz mesajlaşma tətbiqlərini (məsələn, Signal və ya Telegram) nəzərdən keçirin.
- Sistem və tətbiqlərinizi mütəmadi yeniləyin. Köhnəlmiş tətbiq versiyaları təhlükəsizlik boşluqlarına qarşı həssas ola bilər.
- Şübhəli linklərə və fayllara diqqətli olun. Naməlum mənbələrdən gələn linklər və ya faylları açmayın. Bu, cihazınıza casus proqram yüklənməsinə səbəb ola bilər.
- Telefonunuzda casus proqram yoxlaması aparın. Antivirusa sahib olun və casus proqramı aşkar edə biləcək tətbiqlərdən istifadə edin (məsələn, Malwarebytes).
- WhatsApp istifadəsi zamanı VPN-dən yararlanın. VPN bağlantısı məlumat trafikini daha da qoruyur və izlənmə ehtimalını azaldır.
- Alternativləri və təhlükəsizliyi qiymətləndirin. WhatsApp-ın məxfiliklə bağlı mənfi xəbərləri davam edərsə, daha təhlükəsiz alternativlərə keçid etməyi düşünün.
- Kiber təhlükəsizlik üzrə mütəxəssislər şəxsi və həssas məlumatların mümkün qədər WhatsApp vasitəsilə paylaşılmamasını tövsiyə edir. Dövlət nəzarətindən narahat olanlar üçün açıq mənbəli şifrələmə texnologiyalarına sahib tətbiqlər (məsələn, Signal) daha üstün təhlükəsizlik səviyyəsi təqdim edə bilər. Məxfiliyinizi qorumaq üçün bu tədbirləri görmək vacibdir, çünki texnoloji platformalarda istifadəçi məlumatlarının təhlükəsizliyi hər zaman risk altında ola bilər.
Mövzu ilə bağlı informasiya texnologiyaları (İT) sahəsində ekspert Mehman Xəlilov “Yeni Müsavat”a danışıb:
“Öncə, bir məsələni dəqiqləşdirmək istəyirəm. İş orasındadır ki, Mark Zukerberq etiraf etməyib ki, kəşfiyyat orqanları Whatsapp istifadəçilərinin mesajlarını oxuyur. O, Co Roqanın podkastında qeyd edib ki, Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən Whatsapp istifadəçilərinin yazışmalarını oxumağın mümkün olduğunu bildirib. Bu heç də o demək deyil ki, Whatsapp MKİ-yə istifadəçilərin yazışmalarını təqdim edir. Çünki bu yazışmalar iki nöqtə arasında (end-to-end) şifrələnmə alqoritmləri ilə emal olunur. Bu o deməkdir ki, yazışma iştirakçılarında unikal fərdi açarlar olur və bu açarlardan istifadə etməklə göndərən tərəfin mesajı şifrələnib göndərilir, qəbul edən tərəf isə deşifrələmə vasitəsilə həmin mesajı oxuyur. Mesaj nəql olunan zaman bütün provayderlərdən şifrələnmiş halda keçir, həmçinin Whatsapp-ın öz serverində də şifrələnmiş halda saxlanılır. Bu isə o deməkdir ki, həmin mesajların mətni heç Whatsapp-ın özünə belə məlum deyil. Whatsapp messencerinin istifadə qaydalarında, həmçinin Meta şirkətinin illik hesabatlarında da təhlükəsizlik məsələləri ilə bağlı qeyd olunmuş aspektlər öz əksini tapır. Bəs onda sual yaranır ki, MKİ yazışmaları hansı üsullarla öz üçün əlçatan edə bilər? Burada bir neçə məqam maraq kəsb edə bilər:
1. Yazışmaların mətnləri şifrələnmiş olsa da, onların meta-verilənləri şifrələnmir. Bu o deməkdir ki, xüsusi xidmət orqanları kimin kiminlə nə vaxt və harada yazışdığına rabitə kanalları vasitəsilə nəzarət edə bilər. Xüsusi xidmət orqanlarında bu kimi məlumatların olması da kifayət qədər əhəmiyyətlidir.
2. 2021-ci ilə qədər Whatsapp yazışmaların ehtiyat nüsxələrini Android və ya iOS əməliyyat sistemi qurğuları üçün uyğun olaraq Google Drive və ya iCloud buludlarında şifrələmədən saxlayırdı. Bu o deməkdir ki, həmin xüsusi xidmət orqanları həmin hesablara giriş əldə etdikləri təqdirdə bütün yazışmaların ehtiyat nüsxələrini əldə edə və onlara baxış keçirə bilərdilər. Lakin Whatsapp-ın 2021-ci ildən etibarən proqramın ayarlarında yazışmaların ehtiyat nüsxələri üçün də şifrələmənin tətbiq olunmasını seçmək mümkün olub. Bu isə istifadəçilər üçün əlavə təhlükəsizlik tədbiridir.
3. Əsas məsələ (Mark Zukerberq öz müsahibəsində məhz bunu qeyd edib) Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən Pegasus və oxşar proqramların istifadəsi ilə məlumatların izlənməsidir. Amma burada əsas məqam odur ki, bu kimi izləmə proqramlarının Whatsapp-a bir aidiyyəti yoxdur. Bu proqramlar ümumiyyətlə telefon qurğusunu, orada baş verənləri izləyir və məlumatları, məsələn, telefonun ekranından izləyən tərəfə ötürür. Bu səbəbdən izləmə prosesi zamanı şifrələmə öz əhəmiyyətini artıq itirmiş olur. Belə izləmə sadəcə Whatsapp deyil, telefondakı istənilən hərəkəti izləyə bilər. Təəssüflər olsun ki, bu günə qədər belə casus proqramların mövcud texniki vasitələrlə birbaşa aşkarlanması hələ də mümkün deyil”.
Mütəxəssis qeyd edib ki, bununla belə bəzən bu proqramların davranış modellərini analiz edib müəyyən nəticələrə gəlmək mümkündür və əsas əlamətlər aşağıdakılardır:
1. Şəbəkə aktivliyinin anormal dərəcədə artması — çünki proqram məlumatların ötürülməsi üçün şəbəkədən istifadə edir.
2. Telefonun batareyasının gözlənilən müddətdən daha tez tükənməsi, həmçinin telefonun qızması — proqram təminatı mütəmadi işlədiyinə görə həm enerji sərfiyyatı çox olur, həm də kəsilməz istifadə onu daha çox qızdırır.
3. Zənglərdə qeyri-adi səslər, kəsintilər və ya cavab vermə müddətində gecikmələr — birbaşa telefona qoşulma əlamətidir.
4. Telefonda izah edilməyən proqram yeniləmələri və qəribə davranışlar — bu hal casus proqramın özünü yenilədikdə, yaxud digər proqramlara müdaxilə etmək istədikdə baş verə bilər.
Mehman Xəlilov belə hallardan sığortalanmağın yollarını da açıqlayıb:
1. İstifadə etdiyiniz telefondakı proqramlar etibarlı, özünü təsdiqləmiş mənbələrdən olmalıdır.
2. Telefonu parolla qorumaq, həssas proqramlarda isə (bank proqramları, messencerlər, poçtlar və s.) 2-qat autentifikasiya vasitələrindən istifadə etmək lazımdır.
3. Xarici xüsusi xidmət orqanları və onlara bağlı şəxslərlə əməkdaşlıq, tərəfdaşlıq və s. etməmək.
Sonda qeyd edim ki, məlumatlara əsasən Telegram və Signal messencerləri təhlükəsizlik və mühafizə məsələlərinə çox həssas yanaşır və istifadəçilərinin təhlükəsizliyinə böyük diqqət ayırırlar. Buna rəğmən yuxarıda sadaladığım səbəblər ucbatından 100%-lik təminat texnologiyalar sahəsində mövcud deyildir və güman ki, heç bir zaman mövcud olmayacaq da. Bu sahələr (mühafizə və izlənmə) daim paralel inkişaf edən sahələrdir”.