Kəlbəcərlilərin Kəlbəcərə qayıdış arzuları


Aqil CAMAL

Həmrəylik Günü ərəfəsində “Kəlbəcərə Qayıdış” İctimai Birliyinin təşkilatçılığı ilə Bakı şəhərində rayon ictimaiyyətinin görüşü keçirildi.

Ziyalıların, şairlərin, sənət adamlarının, jurnalistlərin qatıldığı görüşün qayəsi həmrəylik, işğaldan azad olunmuş yurda qayıdış idi.

Bütün çıxışlarda böyük qayıdışa hazırlaşan Kəlbəcərdə aparılan tikinti işləri, əhalinin qayıdışla bağlı fikir və təklifləri səsləndirildi.

Mənim də həm bir kəlbəcərli olaraq, həm də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü kimi Kəlbəcərə qayıdış prosesi ilə bağlı görüşdə səsləndirdiyim və ümumən gərəkli bildiyim təklifləri buradan təkrarlamaq istəyirəm:

☑ Hazırda Kəlbəcərdə istifadəyə verilən müəssisələrdə təkcə sıravi işçi heyətinə deyil, rəhbər və idarəedici kadr heyətinə rayon sakinləri cəlb edilməlidir.

☑ Müəyyən imkanı, istəyi olan Kəlbəcər sakinlərinin rayon ərazisində orta və kiçik sahibkarlıq fəaliyyətinə şərait yaradılmalı, sahibkarlıq subyektləri böyük ölçüdə rayon sakinlərinə məxsus olmalıdır.

☑ Rayon mərkəzində Kəlbəcərin ənənəvi arxitekturasına, yerli memarlığına uyğun olaraq, hündürmərtəbəli yaşayış binalarından daha çox, həyət evlərinin tikintisinə üstünlük verilməlidir.

☑ Dağıdılmış evini öz vəsaiti hesabına bərpa etmək istəyənlərə, habelə, öz həyətində yeni ev tikmək istəyənlərə bu imkan yaradılmalıdır. Dövlət bu istəkdə olan sakinlərə hər cür dəstək göstərməlidir. Bu, həm də yenidəqurma işlərində dövlətin yükünün azaldılmasına töhvə vermiş olar.

☑ Kəlbəcər şəhərində uyğun yerdə ümumi qəbirstanlıq salınmalı, dünyasını dəyişən rayon sakinlərinin (öz vəsiyyətlərinə və ailə üzvlərinin istəklərinə uyğun olaraq) doğma yurdda torpağa qovuşması təmin edilməlidir...

Fikirlər, təkliflər çoxdur. Hesab edirik ki, bu təkliflər bir yerə toplanaraq uyğun qurumlara təqdim edilməli və icraya yönəldilməlidir.

Kəlbəcərimizə, ümumən azad Qarabağımıza dayanıqlı, ləyaqətli qayıdışı təmin etmək üçün.


MANŞET XƏBƏRLƏRİ