Prezidentin fərdi təqaüdü - Kimlərə verilir, neçə manatdır, ondan məhrum edilən bir nəfər kimdir? - ARAŞDIRMA


Mətbuat tez-tez tanınmış şəxslərdən kimlərinsə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görüldüyünü yazır. Maraqlıdır, Prezidentin fərdi təqaüdü nə vaxtdan, kimlərə verilir, onun məbləği nə qədərdir? Hazırda neçə nəfər Prezidentin fərdi təqaüdünü alır?

Modern.az saytı bununla bağlı kiçik bir araşdırma aparıb.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 2002-ci il iyul ayının 1-dən verilir.

Prezidentin fərdi təqaüdü dövlət başçısının 2002-ci il 11 iyun tarixli fərmanı ilə Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə təsis edilib.

500 nəfər üçün müəyyən edilən fərdi təqaüd Azərbaycan Prezidentinin qərarı ilə dövlət büdcəsi hesabına ömürlük verilir.

Sonuncu dəfə fərdi təqaüdün məbləği ölkə başçısının 13 yanvar 2023-cü il tarixli fərmanı ilə 1450 manatdan 1500 manata qaldırılıb.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği hazırda 1500 manat təşkil edir.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, Prezidentin fərdi təqaüdü plastik bank kartları vasitəsi ilə yalnız nağdsız qaydada ödənilir.

DSMF-nin məlumatında Prezidentinin fərdi təqaüdünün nə vaxt dayandırldığına da aydınlıq gətirlib. Belə ki, təqaüd alan şəxs vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə onda ödəniş dayandırılır.

1 oktyabr 2024-cü il tarixinə olan rəsmi məlumata görə, Prezidentin fərdi təqaüdünə layiq görülmüş şəxslər arasında kişilər qadınlardan çoxdur. Göstərilən tarixə kimi Prezidentin fərdi təqaüdünü alan şəxslərin 93-ü qadın, 241-i kişidir (334 nəfər).

Müqayisə üçün qeyd edək ki, son illər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alanların sayında azalma baş verib.

Belə ki, 2018-ci ildə 146 qadın, 268 kişiyə (ümumilikdə 414 nəfər) Prezidentinin fərdi təqüdü verilirdi.

2022-ci ildə 96 qadın, 245 kişi (341 nəfər) fərdi təqaüd alırdı.

Yeri gəlmişkən, Prezidentin fərdi təqaüdü sonuncu dəfə ölkə başçısının 20 dekabr 2024-cü il tarixli sərəncamı ilə Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmliyə media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təyin edilib.

Fərdi təqaüdlə bağlı daha maraqlı fakt indiyə kimi bir nəfərin ondan məhrum edilməsidir. Bununla bağlı rəsmi sərəncam da imzalanıb.

Belə ki, 2002-ci ilin iyununda təqaüdə layiq görülən ilk 149 nəfərdən biri olan yazıçı Əkrəm Əylisli Prezidentin 2013-cü il 7 fevral tarixli sərəncamı ilə bu təqaüddən məhrum edilib. Buna səbəb olaraq "Böhtan dolu əsəri ilə Azərbaycan tarixini məqsədyönlü şəkildə təhrif edən Əkrəm Əylislinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə ictimaiyyətin, o cümlədən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın çoxsaylı müraciətləri" göstərilib.


MANŞET XƏBƏRLƏRİ