Artıq bir neçə ildir ki, ölkədə nikahların sayında azalma müşahidə olunur. Bunu statistik rəqəmlər də sübut edir. Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb. Evlənmək istəməyənlərin bəziləri səbəb kimi xərcləri göstərir, bəziləri məsuliyyəti üzərinə götürmək istəmir, bəziləri hələ hazır olmadıqlarını və ya belə çətin qərar üçün hələ tez olduğunu bildirirlər. Gənclər düşünürlər ki, əgər onların evi yoxdursa, iqtisadi-sosial vəziyyətləri ağırdırsa, yüksək məvacibli işə sahib deyillrsə, ailə qurmağa tələsməməlidirlər. Ona görə də gənclərin, xüsusilə oğlanların evlənməsi məsələsində ciddi problemlər yaşanır.
Mövzu ilə bağlı Bakupost.az -a danışan sosioloq Etibar Həsənovun sözlərinə görə, gənclərin universiteti bitirdikdən sonra dərhal iş tapıb işləməsi bir az müşkül məsələdir:
"İş tapsan belə, maaşın azlığı normal yaşayışa, gənclərin yeni həyat qurmasına mane olur. İşsizlik ucbatından bölgələrdən paytaxta axışan gənclər də əlavə olaraq yaşayış yerinin olmaması problemi ilə üzləşirlər. Qazanclarının bir qismini kirayə evlərə sərf edirlər. Aldığı maaşla özünü belə dolandıra bilməyən gənc bu səbəbdən ailə qurmaq istəmir. İndiki zamanda bir gəncin məvacibini toplayıb ev almasına, özünə normal gün-güzəran qurmasına illər lazımdır. İnsanlar evlənmək üçün ev və işsizlik problemini həll edənə kimi yaş ötür. Bu da evlilik yaşını artırır. Gənc baxır ki, evi olmadan ailə quran dostu və ya hansısa qohumu illərlə kirayələrdə qalıb, çətinliklər, sıxıntılar çəkib. Bəzilərinin sosial problemlər, evsizlik, işsizlik, yoxsulluq ucbatından ailəsi dağılıb. Bütün bunları görüb qorxur və ailə qurmur".
Etibar Həsənov deyir ki, Azərbaycanda əksər oğlanlar gec ailə qururlar:
"15-20 il bundan əvvəl 22-23 yaşda evlilik normal sayılırdısa, indi hətta 29-30 yaşda evlənən oğlan yoxdur. Səbəb oğlanların işini qurmaması, maddi təminatının aşağı olmasıdır”.
Sosioloq qeyd edib ki, hazırda ailə qurmaq barədə təsəvvürlər 30 il əvvəlkindən fərqlidir:
“Oğlanlar özlərinə şərait qurmadan evlənmək istəmir. Qızlar da çalışır ki, karyera qursun, özü pul qazansın. Qızlar evləndikdən sonra gələcək həyat yoldaşının onun işləyib karyera qurmasına isti baxmayacağını düşünərək təhsilini bitirməyi, yaxşı iş sahibi olmağı gözləyir. Karyera qurduqdan sonra ailə qurmağa üstünlük verir ki, bu da onun evlilik çağının ötməsinə səbəb olur. Bu da evlənənlərin sayını azaldır”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, bü gün gənclər günlərinin çox hissəini işdə keçirirlər. Onların əsas diqqəti işləməyə, pul qazanmağa, karyera qurmağa yönəlir:
"Evlənmək belə insanlar üçün ikinci plana keçir. Gününün çox hissəsini işdə keçirən insanların tanışlıq üçün də imkanı qalmır. Gənclərimiz ancaq universitetdən və işdən evə və əks istiqamətə hərəkət etməyə vaxt tapırlar. Yaxud həm oxuyu,b həm işlədiklərindən, ya da 2 yerdə işlədiklərindən ailə qurmaq yaddan çıxır. "Ev alım, maaşım yüksək olsun, sonra ailə quraram" deyirlər və nəticədə yaş keçir. Təhsil almaq, iş axtarmaq, öz ayaqları üzərində dayanmağı bacarmaq uzun illər tələb edir. Hər bir gənc istəyir ki, öz məvacibi ilə ailəsini dolandırmaq gücünə malik olsun, sonra evlənsin. Bəzi kişilər maddi baxımdan ailəsini təmin edə bilməyəcəyindən qorxduğundan evlilik fikrinə soyuq yanaşır. Əvvəllər gənclər valideynlərin uyğun gördüyü, məsləhət bildiyi insanla ailə qururdular. İndi dövr dəyişib, çox az insan tapılar ki, valideyn seçimi ilə ailə qursun. Gənclər daha çox özləri seçim etməyə, gələcək həyat yoldaşlarını özləri seçməyə üstünlük verirlər. Özü kimi düşünən, özünə uyğun adam tapmağa çalışırlar. Bu da müəyyən qədər zaman alır”.
Birlik sədri bildirib ki, gənclərin ailə qurmamasının digər səbəbi iqtisadi amildir: “Gənclər iqtisadi baxımdan müstəqil olmaq istəyirlər. Buna görə də çalışırlar ki, öz iqtisadi imkanlarını yaxşılaşdırsınlar, valideynlərindən asılı olmasınlar. Bu da təbii ki, zaman alır”.
Psixoloq Vəfa Əkbər deyir ki, insanların ayaqda durması və müstəqil həyata qədəm qoyması üçün daha çox zamana ehtiyacı var. Onlar sosial qayğılardan qurtulub ailə həyatı qurmaq istəyirlər:
"Bu gün həm qızlar, həm oğlanlar öncə karyera, daha sonra ailə qurmaq haqqında düşününürlər. Bu məsələ həm maddiyyata bağlanır, insanlar ailəli olanda yaxşı yaşamaq istəyirlər. Bir də özünü təsdiqləmək kimi fakt var ki, o da son illər birinci yerdə durur. İnsanlar öncə özünü tapmağı, sonra ailə həyatına başlamağı seçirlər. Ümumiyyətlə, gənclər özlərini evliliyə psixoloji baxımdan hazır hiss etdikləri zaman ailə qurmalıdırlar. İnsan mənən, qəlbən və psixoloji baxımdan özünü hansı yaşda evliliyə hazır hiss edirsə, o zaman da ailə qurmalıdır. İnsan var ki, sosial cəhətdən təminatlıdır, ancaq özünü evliliyə hazır hiss etmir. Belə insanı zorla evliliyə məcbur etmək olmaz”.