İnkişaf etmiş dünya ölkələrində insanlar aylıq qazanclarının müəyyən bir qismini fərdi sərmayəyə ayırırlar.
Lakin ölkəmizdə fərdi sərmayəyə vəsait ayırmaq əksər hallarda mümkün olmur.
Əsasən, belə vəziyyətin səbəbi əməkhaqqının az olması ilə əlaqələndirilir.
Bəzi ekspertlər hesab edirlər ki, aylıq qazancın 10 %-ni uzun müddət üçün, 90 %-ni isə yaxın müddət üçün fərdi sərmayəyə ayırmaq lazımdır.
Maraqlıdır ki, pulu necə yığmaq olar?
Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, dünya ölkələrində bu məsələyə baxış Azərbaycanla müqayisədə tamamilə fərqlidir:
"İnkişaf etmiş dünya ölkələrində qazancının 70 %-dən çoxunu gündəlik tələbatına xərcləyənlər kasıb əhali qrupuna aiddir. Dövlət də həmin kasıblara yardım edir.
Yəni, inkişaf etmiş dünya ölkələrində bu, əsas prinsip kimi götürülür.
Hökumətin nəzərdə tutduğu 30 % yığım da, əslində, ölkə iqtisadiyyatına gəlir gətirir. Vəsaitlərini yığıma yönəldən ölkələlərdə normal şəkildə qiymətli kağızlar bazarı var.
Vətəndaşlar yığdıqları vəsaiti arxayın şəkildə qiymətli kağızlara yatırır və oradan özü üçün divident qazanır. Məsələn, ABŞ-də koronavirus dönəmində bütün işlər, məktəblər bağlandığı üçün hökümət əhaliyə yardım etdi.
Həmin dövr ərzində əksər ölkələrdə qiymətli kağızlar bazarı çöksə də, ABŞ-də ən yüksək həddə inkişaf etməyə başladı. Çünki verilən yardımları koronavirusa görə əhali xərcləyə bilmirdi, buna görə də əhali vəsaiti qiymətli kağızlar bazarına yönəltdi. ABŞ-nin qiymətli kağızlar bazarı 2020-2022-ci illərdə yüksək sürətlə inkişaf etdi".
İqtisadçı qeyd edib ki, vətəndaşların gəlirlərini idarə edə bilməsi üçün “ailə büdcəsi” deyilən bir anlayış var:
"“Ailə büdcəsi”, gəlirlər və xərclər fiksasiya edilməlidir. Yəni, büdcə idarə edilməlidir və ailə də həmin büdcə planlamasından kənara çıxmamalıdır. Əgər planlama olarsa, nə qədər maaş alınsa da, 10-15 % yığıma yönəltmək olar.
Qeyd edim ki, Azərbaycanda əməkhaqqı aşağı səviyyədədir. Əsas səbəblər hökümətin iqtisadi idarəetməsindən qaynaqlanır. Biz bir vətəndaş olaraq bu problemi aradan qaldırmaq imkanında deyilik.
Buna görə də necə deyərlər, " ayağımızı yorğanımıza görə uzatmaq üçün ayağımızın da, yorğanımızın da ölçüsün bilməliyik". Əks halda yığım etmək mümkün deyil. Həm hökumət, həm də vətəndaş üzərinə düşən vəzifəni yerinə yetirsə, Azərbaycanda da əhalinin böyük əksəriyyətinin yığım fondu olar".
İqtisadçı Natiq Cəfərli isə deyib ki, bu məsələ uzun illərdir müzakirə predmetidir:
"Bu vəziyyət ölkədən-ölkəyə dəyişir. Qərb ölkələrində, xüsusilə Avropa ölkələrində insanlar kreditləşmə vasitəsilə yaşayırlar. Onlar pul yığmaqdan çox, aldıqları krediti ödəməklə məşğuldurlar. Bu, 25-30 ərzində formalaşmış praktikadır.
Çünki həmin ölkələrdə kredit faizləri aşağıdır. Məsələn, uzun illərdir Şimalı Amerikada avtomobil kreditləri 1,5 %, mənzil və istehlak kreditləri 2 % olub. Belə aşağı faizlər olduqda insanlar da məmnuniyyətlə kreditləşmə vasitəsilə yaşamağa üstünlük verirlər.
Azərbaycanda da nisbətən bu vəziyyətə doğru gedilir. Ölkədə 3 milyon insanın kredit borcu var. Bizdə problem kredit faizlərinin yüksək olmasıdır".