İndi kişi falçılar daha çoxdur: “Cadu üçün kilolarla qızıl alırlar" - ARAŞDIRMA


“Hər kəs dildə guya inanclıdır, müsəlmandır. Lakin əməlləri bunun əksini göstərir. Çünki fala, caduya inanmaq islam dinində ən böyük günahdır”.

Bu fikirləri Lent.az-a açıqlamasında psixoloq Elmir Əkbər səsləndirib.

Kökü hər nə qədər qədim zamanlara gedib çıxsa da, hər nə qədər kosmos əsrini yaşasaq da falçı və baxıcılara inam özünü günü bu gün də göstərməkdədir.

Ataların “Fala inanma, faldan da qalma” deyimi də bu yerdə yada düşür. Bəs görəsən insanlar niyə hələ də xürafətə, fala inanır? Bir insan pullarını hansı səbəbdən fala və falçıya güvənib havaya sovurur?

Cəmiyyətin üzvləri kimi onların düşüncələri də fərqlidir. Əksəriyyət fala inanmadığını desə də, falçılardan mədət umanların mövcudluğunu da dana bilmərik.

İnsan yaradılışı etibarilə dini-mistik istiqamətə meylli olur. Bir çox mənfi niyyətli qüvvələr də insanın bu yaradılış keyfiyyətindən məharətlə istifadə edir. Elm olmayan yerdə cəhalət at oynadar. Cəmiyyətin maarif səviyyəsi (ali məktəbə qəbul imtahanında topladığı bal yox, məhz savadlılıq dərəcəsi) yuxarı olmadığı təqdirdə, heç bir elmi əsası olmayan qüvvələr bunu fürsət bilirlər. Əminliklə demək olar ki, savadlılıq səviyyəsi yüksək olan, mənəvi-emosional cəhətdən dolu olan (və ya bu ehtiyacını necə qarşılayacağını bilən) insanların yaşadığı cəmiyyətdə absurd həll yollarına meyl edilmir.

Bəs fal inancı nə vaxt və harada yaranıb?

Bəşəriyyətin tarixi qədər qədim olan fala inancın kökü təxminən eramızdan əvvəl IV minilliyədək uzanır. Xüsusilə, Misirdə, Çində, Babildə və Akkadlar dövründə inkişaf edən falçılıq düşüncəsi daha sonra digər ərazilərə də yayılıb. Həmin dövrdə ən çox istifadə olunan fal növü daxili orqanların yoxlanılması idi.

Qədim Yunanıstan və Romada fal həyatın hər sahəsində geniş yayılmışdı. Kahin adı verilən şəxslər quşların davranışlarını müşahidə etməklə, heyvanların orqanlarına və ya ulduzlara baxmaqla gələcək haqqında məlumatlar verirdilər. Türk xalqları arasında isə müsəlman olmazdan əvvəlki dövrlərdə fal şamanizm inancıyla eyniləşmiş, heyvan sümüyü, ox və yay ilə fala baxılıb. Zaman keçdikcə falda istifadə olunan metod və üsullarla əlaqədar ulduz falı, kart falı, su falı və s. fal növləri ortaya çıxdı.

Yəhudilərdə də gələcəyi kəşf etmək, bilinməyəni anlamaq tələbatı ilə bu işi görən şəxslər və metodlar mövcuddur. Lakin yəhudilərin müqəddəs kitabında hər cür kəhanət və fal qadağan edilib.

Yəhudilərdəki qədər olmasa da, fal və kəhanət xristianların həyatında da mühüm ənənə olub. Xristianlarda falçılığın əsasları Yunan-Roma və yəhudi ənənəsindən qaynaqlanır.

Falçılığa qadağa

Müxtəlif dövlətlər cəmiyyətdə mənfi meyillərin artmasına və dələduzluq yolu ilə insanların aldadılmasına səbəb olduğu üçün falçılığı qadağan etməyə məcbur olublar. Məsələn, ABŞ-ın bəzi ştatlarında falçılığın qadağan olunması ilə əlaqəli yerli və dövlət qanunları mövcuddur. Belə ki, bu qanunların bəziləri falçılıq termininin işlədilməməsini, bunun başqa terminlərlə ifadəsini (mənəvi dəstək, psixoloji yardım) tələb edir. Elə qanunlar da var ki, ümumiyyətlə, bu fəaliyyət növünü qadağan edir. Yeni Zelandiyada da falçılıq cinayət hesab olunur və bu işlə məşğul olduğu aşkarlanan şəxs yüksək məbləğdə cərimə edilir.

Səudiyyə Ərəbistanında və bəzi müsəlman ölkələrində isə falçılıq, ümumiyyətlə, qadağandır və bu əməl ölüm və yaxud ömürlük həbslə cəzalandırılır.

Molla Ələkbər Sabirin
"Molla Fatı camaatı cadu qurub soydu yenə,
Baxdı fala bir çuvala qırx adamı qoydu yenə”

sətirlərinin aktuallığının itmədiyini təəssüf hissi ilə vurğulayan Elmir Əkbər bildirib ki, indi Fatılardan daha çox "kişilər" bu işlərə meyl edirlər. Təbii ki, bunun arxasında cəhalət, nadanlıq durur. Fala, caduya inanan insanlar elmdən, savaddan uzaqdırlar. Müasir elmin nəticəsi olan mobil telefonlardan həvəslə istifadə edirlər, amma öz daxili psixoloji problemlərini, yanlış düşüncələrini həll etmək üçün cəhalətə üz tuturlar”.

Psixoloq bildirib ki, falçıların gündəmdən düşməməsinin digər bir səbəbi isə cəmiyyətimizdəki bəzi insanların "Allahsız" olmağıdır:

“İslam dini falçılığı ümumiyyətlə qəbul etmir. Bu ona görə deyil ki, cadu etmək və ya fala baxmağın mahiyyəti günahdır. Xeyr. Belə şeylər onsuz da fırıldaqçılıqdır. Dinimizdə bütün dələduzluqlar günah hesab edilir”.

“İnsanlar son mərhələdə olan onkoloji xəstəni, şizofrenləri və s. müalicə etdirmək əvəzinə ekstrasenslərin, cadugərlərin yanına aparırlar. Həmin dələduzlar da hər il özlərinə yeni adlar tapırlar. Məsələn, hazırda "thetahealing", guya mövcud olan "psevda" elmi aktualdır. Hətta özlərini psixoloq adlandırıb camaatı "İkinci seansdan sonra qapınıza elçi gələcək" deyə aldadanlar da var. İnsanlar da belə fırıldaqlara inanıb xeyli pul, hətta kilolarla qızıl xərcləyirlər. Bu şeylərin adı nadanlıq, elmdən qaçmaq və günaha meyillilikdən ibarətdir", - deyə o əlavə edib.

Bəs falçılıq cinayət məsuliyyəti daşıyırmı?

Əgər falçıların əməlləri sağlamlığa zərər verirsə, əlbəttə bu zaman qanun çərçivəsində işlər görülməlidir. Hətta məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan qanunlarında vicdan azadlığı deyilən bir anlayış var. Hər bir vətəndaşın vicdan azadlığı var. Həmçinin hər bir vətəndaş ticarətlə məşğul ola bilər. Yəni bu qanunla qadağan olunmur. Falçılar da bir növ bu işlə məşğul kimi özlərini göstərirlər. Falçılar qeyri-qanuni fəaliyyət göstərirlər. Onların ciddi əməlləri aşkar olunduqda qanun qarşısında cavab verməlidirlər.


MANŞET XƏBƏRLƏRİ