Bunu edənlərin ibadəti qəbul olunmur – İlahiyyatçıdan VACİB AÇIQLAMA


Falçılıq, adətən, insanlara gələcək haqqında məlumat vermək iddiasında olan praktikaları və ya peşələri ifadə edir. Bu, tarot kartları, astrologiya, xətt oxumaq və ya digər mistik üsullar vasitəsilə həyata keçirilir. Hətta bəzən falçılar bu işə dini də qataraq müxtəlif dini kitabları, həmçinin, Qurani-Kərimi də bu işdə istifadə edirlər.

El arasında bu “Quran açdırmaq” kimi xarakterizə olunur. Bəs dində həmin məsələyə baxış necədir?

İlahiyyatçı Ağa Hacıbəyli məsələ ilə bağlı bir sıra məqamları “Yeni Sabah”a açıqlayıb:

“Falçılıq həm günümüzdə, həm də tarixin dərinlərində, keçmişdə insanlar və cəmiyyətlərlə iç-içə olan məsələlərdən biridir. Sadəcə forması, üsulu dəyişərək 21-ci əsrə qədər toplumun içərisində var olan bu bəla yumağı evlərə, ailələrə nifaq salır. İnsanlar araaında öz təsirini və aktivliyini qoruyub saxlaya bilir. Hər halda bunu bir biznes sahəsinə çevirən şəbəkə arxasında alternativ bir din şüuru ilə bu məsələləri qabardan, tətikləyən şəbəkə olduğuna da inanırıq. Ümumiyyətlə, dırnaqarası qüdsi yol tapıb Quranın əli ilə, islamın dili ilə bu məsələyə öz falçılıq, kahinlik prinsiplərini həyata keçirməyə çalışan bir qrup ünsürlər də var. Nə kitabdan xəbərləri var, nə Quran bilgiləri var, nə də tərcümə qabiliyyətləri var. Dərin bilgi, elm-irfandan uzaq insanlar bir də görürsünüz ki, adamın gələcəyi ilə bağlı fərqli məlumatlar verməyə başlayır. Burada əməllərinə Quranı da alət etməyə təşəbbüs göstərir”.

İlahiyyatçı bildirib ki, İslama görə falçılıq, onun hər növü qadağandır:

“Kitabda da bu vurğulanır. Eyni zamanda, sevgili peyğəmbərimiz də hədisində bildirib ki, fala, falçılığa üz tutan adam göydən enən kitabı inkar etmişdir. Həmçinin, həmin adamın 40 gün namazının qəbul olunmadığı da qeyd edilib.

Günümüzdə bir çox insan gələcəklə bağlı qorxu, təşviş içərisində olur. Yaxud bir təsəlliyə ehtiyac duyur və dost-tanış tərəfindən yalnış insanların qapısına yönəldilərək onların qapısını döyürlər. Elə həmin adamların sonuncu ümid işığını da falçıların yalnış sözləri söndürür. Falçılıq islamda, Qurani-Kərimdə yasaqlanmış dindən uzaq əməldir. İslam dini insanı daha böyük aləmə, elmə dəvət edir. Onun kiçik qalmağını istəmir və inkişafı üçün yol göstərir. Falçılıqda hər hansı dini mənbəni, Quranı bu çirkin əməllərə alət etmək böyük sayılır”.


MANŞET XƏBƏRLƏRİ