Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 22 bankda 24696 işçi çalışır.
Məlumata görə, son bir il ərzində ölkədə bank filiallarının sayı 491-dən 482-yə düşüb, bank şöbələrinin sayı isə dəyişməz qalıb.
Ötən ilin oktyabr ayının əvvəlində olduğu kimi, bu ilin oktyabr ayının əvvəlində də bankların 88 şöbəsi olub. Bank filialı və şöbələrinin sayından fərqli olaraq onlara məxsus ATM-lərin sayı son bir ildə 3 047-dən 3 140-a yüksəlib.
Maraqlıdır, ölkəmizdə bank filiallarının sayının azalmasına səbəb nədir?
Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, ölkəmizdə bank yaradıb fəaliyyətə başlamaq çox çətindir:
“2015-ci ildən sonra ölkədə bank yaradılması ilə bağlı şərtlər çətinləşdirilib. Bu səbəbdən ölkəmizdə banklar yox, bank olmayan kredit təşkilatları (BOKT) çoxluq təşkil edir.
Bankların da bir çoxu mənfəətlə işləmədiyi üçün say artım görünmür. Bank açmaq üçün şərtlər çətin olduğundan sahibkarlar bu şərtlərə cavab verə bilmir və ona görə də yeni bank açılmır.
Amma nəzərə alaq ki, mövcud iqtisadi şəraitdə ölkədə bank sayı kifayət qədər”.
O qeyd edib ki, ölkəmizdə son 3 ildə 7 bankın lisenziyası ləğv olunub:
“Ölkəmizdə təkcə son 2 ildə “Muğambank” və “Günay Bank” bağlanıb. Buna əsas səbəb kimi fəaliyyət göstərə bilmələri üçün yeterli kapitalın olmadığı göstərilir.
Lakin digər bankların da mövcud kapitalına baxsaq görərik ki, vəziyyətləri heç də qənaətbəxş deyil. Üstəlik reytinq cədvəlində həta böyük kapitalı olan bankların da reytinqi aşağıdır. Bu da bankların müştəri itirməsinə və bazardan çıxmasına səbəb ola bilər”.
V.Qocayev hesab edir ki, yaxın gələcəkdə bəzi bankların fəaliyyəti dayana bilər:
“Bankların reytinq cədvəlinə baxdıqda, məlum olur ki, müştəri məmnuniyyəti aşağıdır. Bu da onların müştəri itirməsinə səbəb olur. Əgər banklar müştəri cəlbetmə siyasətində dəyişiklərə etməsə, bağlanma riski yüksəkdir”.
Ekspert bildirib ki, bankların sayında yenə azalma olarsa, istehlak kreditlərinin faizində artım ola bilər:
“Çünki rəqabət mühiti prinsipi pozula bilər”.