Yağışa görə evi və avtomobili zərər görən vətəndaşlara kompensasiya ÖDƏNİLƏCƏK?


Təəssüflər olsun ki, bəzi vətəndaşlar hələ də 21-22 oktyabr tarixlərində yağan yağışın səbəb olduğu fəsadlardan əziyyət çəkirlər. Belə ki, yağış sonrası bir çox evi su basıb, əşyaların bir çoxu yararsız hala düşüb, o cümlədən bəzi avtomobillərə də ziyan dəyib. Fövqəladə hadisə nəticəsində dəyən ziyanın ödənilib-ödənilməyəcəyi isə vətəndaşları maraqlandıran məqamlardır.

Məsələylə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Fazil Mustafa qeyd edib ki, vətəndaşlara dəyən ziyanın ödənilməsi məsələsinə baxılmalıdır.

“Düzdür, bizdə çox vaxt sığorta sistemində məqsədyönlü şəkildə bu ödənişdən yayınırlar və bu qurumların bir çoxu öz məsuliyyətini lazımi səviyyədə dərk etmirlər, amma vətəndaşların evlərini su basıbsa, hər hansı bir ziyana uğrayıblarsa və sığortalanıblarsa, müəyyən dəstək verilməlidir”.

Bəs sığortalanmayan vətəndaşlar üçün hansı imkanlar yaradılmalıdır?

“Əgər sığortalanmayıblarsa, insanların yükünü yüngülləşdirmək, maddi sıxıntıntısını ortadan qaldırmaq üçün addımlar atıla bilər. Bununla bağlı müvafiq qurumlar yəqin ki, tədbir görəcək”- deyə deputat bildirib.

Azərbaycan Sığortaçılar Assosiasiyasından isə Bizim.Media-ya bildirilib ki, əvvəlcədən sığortalanmış daşınmaz əmlaklarına zərər dəymiş vətəndaşlar zərərlə bağlı sığortalandıqları şirkətlərə müraciət edə bilərlər:

“Həmçinin, yağış nəticəsində daşınar əmlaklarda da zərər faktı qeydə alındığını nəzərə alaraq sığortalanmış daşınar əmlaklarla bağlı da müvafiq sığorta şirkətlərinə müraciət edilə bilər.

Bildirmək istəyirik ki, yağış nəticəsində hərəkətsiz haldaykən bu və ya digər şəkildə zərər görən avtomobillərin Kasko sığortası varsa, onların da eyni qayda ilə sığortalandıqları şirkətlərə müraciət etməklərini zəruri edirik. Hava şəraiti ilə əlaqədar görmə məsafəsi qısaldığı üçün müxtəlif yol-nəqliyyat hadisələri də qeydə alınıb. Bu halda isə hadisələr avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə tənzimlənəcək”.

Qeyd edək ki, oktyabrın 22-də Sabunçuda tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb və paytaxtın bəzi ərazilərində evləri su basıb, yollar bağlanıb. Bir çox avtomobillər isə su altında qalıb.


MANŞET XƏBƏRLƏRİ