Yağışda vətəndaşlara dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA


Oktyabrın 21-də səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb. Bir çox ərazilərdə evlər və obyektlər su altında qalıb. Müxtəlif hadisələrdə insanların şəxsi avtomobillərinə ziyan dəyib.

Bəs, təbii fəlakətlər nəticəsində vətəndaşlara dəyən zərəri kim ödəməlidir?

Mövzu ilə bağlı Modern.az-a hüquqşünas Rəşad Əliyev açıqlama verib.

O qeyd edib ki, yağışın normadan artıq yağması təhlükəli təbiət hadisəsi hesab edilir:

"Yağış intensivliyinə, miqyasına və sürəkliliyinə görə insanların həyat fəaliyyəti, iqtisadiyyat və təbii mühit üçün mənfi nəticələrə səbəb olursa, bu, təbii fəlakət hesab olunur. Fövqəladə hadisələrin nəticələrinin qar.ısını almaq üçün dövlət büdcəsində maddi vəsait ehtiyatı mövcuddur, yəni büdcədə onun üçün ayrıca məbləğ nəzərdə tutulur".

Hüquqşünas vurğulayıb ki, mülki müdafiənin əsas məqsəd və vəzifələrindən biri də fövqəlad' hadisələrin və nəticələrinin aradan qaldırılmasıdır.

"Bu nəticələrin aradan qalxması üçün maddi və maliyyə vəsaitləri ehtiyatları yaradır və “Mülki müdafiə haqqında” Qanunun 9-cu maddəsində mülki müdafiə sahəsində Azərbaycan Respublikasının vətəndaşlarının hüquqları təsbit edilir. Bu hüquqlardan biri də fövqəladə hadisələr nəticəsində səhhətinə və əmlakına dəymiş zərərə görə ödəniş almaq hüququdur. Bu məsələlərin tənzimlənməsi üçün müvafiq İcra hakimiyyətlərində yaradılmış kommissiyalar mövcuddur. Həmin kommissiya fövqəladə hadisə nəticəsində ayrı-ayrı şəxslərə dəymiş maddi zərərin məbləğini müəyyən edib təsdiqi nəticəsində aktlaşdırmaqla zərəri qarşılayır. Həmçinin vətəndaş əmlakını sığorta etdiribsə, həmin əmlaka dəymiş zərərə görə sığorta şirkətindən də ödəniş ala bilər", - o qeyd edib.


MANŞET XƏBƏRLƏRİ