Kimləri işdən çıxarmaq olmaz?


Əmək münasibətləri, hər ölkədə olduğu kimi, Azərbaycanda da ictimai və iqtisadi sahələrdə ən əhəmiyyətli məsələlərdən biridir. Əmək münasibətləri qanunvericilik və beynəlxalq təcrübələrdən istifadə olunaraq tənzimlənir.

Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndində “əmək müqaviləsi” anlayışı qeyd edilib. Əmək müqaviləsi, işəgötürən və işçi tərəflərinin iş münasibətlərini və şərtlərini təyin edən, yazılı olaraq hazırlanan hüquqi sənəddir. Bu müqavilə, işəgötürən və işçi arasında bir iş tərəfdaşı kimi əmək münasibətlərini qarşılıqlı razılaşma əsasında düzgün bir şəkildə tənzimləmək üçün istifadə olunur.

Əmək müqaviləsinə bir sıra hallarda xitam verilə bilər: əmək müqaviləsinin müddəti bitdikdə, əmək şəraiti dəyişdikdə, işçi və ya işəgötürən tərəfindən bu müqaviləyə xitam verilməsinə təşəbbüs göstərildikdə və sair.

Lakin bir sıra hallarda işçilərin əmək müqaviləsinə xitam vermək, onları işdən uzaqlaşdırmaq qadağan edilib.

Sözügedən mövzu ilə bağlı Modern.az-a hüquqşünas Turan Abdullazadə danışıb:

"Əmək Məcəlləsinə əsasən, insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, onları insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad etmək qadağandır. İşəgötürən işçinin insanın immunçatışmazlığı virusuna yoluxması barədə məlumata malik olduqda bu məlumatı açıqlamamalıdır.

Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina etmək və ya əmək müqaviləsinə xitam vermək yolverilməzdir.

Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir.

Bundan əlavə Kollektiv danışıqların iştirakçılarının danışıqlar dövründə, intizam məsuliyyətinə cəlb olunmasına, başqa işə keçirilməsinə və ya işəgötürənin təşəbbüsü ilə işdən azad edilməsinə yol verilmir.

Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

İşəgötürən tərəfindən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ( Bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallar istisna olmaqla) əmək müqaviləsinin ləğv edilməsi aşağıdakı şəxslər barədə qadağandır:

1) Hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;

2) Yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;

3) Əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;

4) İşçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;

5) Həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;

6) Öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin;

7) Məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində

Sonda hüquqşünas onu da bildirib ki, qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir".


MANŞET XƏBƏRLƏRİ