Azərbaycanda son zamanlar nəqliyyatla bağlı aparılan əsas müzakirələrdən biri də paytaxt və regionlar arasında gediş-gəlişlə əlaqədardır. Bakıda avtovağzalında əvvəllər mövcud olan problemlər həll edilib, regionlara səfərlər daha da asanlaşıb. Artıq paytaxtdan işğaldan azad edilən rayonlar da daxil olmaqla ölkənin istənilən bölgəsinə səfər etmək mümkündür.
Ancaq rayonların hamısında avtovağzalların olmaması bəzi bölgələrə səfəri çətinləşdirir və region sakinləri yaxın rayonlarda olan avtovağzal və avtostansiyalardan istifadə edir.
Qeyd edək ki, avtovağzal dedikdə yaşayış məntəqələrində sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş və 75-dən artıq sərnişin tutan gözləmə zalı, bilet kassaları, ana və uşaq otağı, baqajların saxlama kameraları, iaşə, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələri, tibbi yardım və polis məntəqələri, inzibati binası və ya xidməti otaqları, sürücülərin istirahət otağı, sərnişinlərin minib-düşməsi üçün perronu, avtobusların reyslərarası dayanması üçün meydançası və təmizləmə postları, habelə şəhər nəqliyyatının və taksi minik avtomobillərinin dayanması üçün vağzalyanı sahəsi olan bina və qurğular kompleksi nəzərdə tutulur. Tutumu 75-dən az sərnişinlərin minib-düşməsi üçün perronu olan qurğu isə avtostansiya hesab edilir.
Azərbaycanda ən böyük avtovağzal Bakı Beynəlxalq Avtovağzal Kompleksidir. Qeyd edək ki, 2005-ci ildə tikintisinə başlanan Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) 2009-cu ilin fevral ayından etibarən istifadəyə verilib. Kompleks 232 490 m2 yaxın ərazini əhatə edir.
Bəs Azərbaycanda neçə avtovağzal var?
Modern.az məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğu göndərib.
Qurumun mətbuat xidmətindən bildirilib ki, mülki növündən və tabeliyindən asılı olmayaraq avtovağzallara və avtostansiyalara dair tələblər onların fəaliyyətinin əsasları və xüsusiyyətləri, funksiya və vəzifələri, iş rejimi Nazirlər Kabinetinin 5 fevral 2009-cu il tarixli 22 nömrəli qərarı ilə təsdiqlənən “Avtovağzallar və avtostansiyalar haqqında Əsasnamə” ilə müəyyən edilir.
Məlumatda qeyd olunur ki, hazırda Azərbaycanda ümumilikdə 37 avtovağzal və 16 avtostansiya fəaliyyət göstərir.
"Regionlardakı avtovağzal və avtostansiyaların yalnız texnoloji iş prosesinə nəzarət Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) regional idarələri tərəfindən həyata keçirilir. Avtovağzalın (avtostansiyanın) işinin texnoloji prosesi hərəkətin təşkili və sərnişinlərə mədəni-məişət xidmətlərinin göstərilməsi, bilet satışının, sərnişinlərə məxsus baqajın və əl yüklərinin saxlanmasının və dispetçer xidmətinin təşkilini nəzərdə tutur", - açıqlamada bildirilir.