Bir evin təmiri neçəyə başa gəlir? - ƏLYANDIRAN QİYMƏTLƏR


Ev alarkən, ən çox xərc tələb olunan məsələlərdən biri təmirlə bağlıdır. İstər mənzil, istərsə də fərdi yaşayış tipli evlərin təmir və dizaynı olduqca yüksək məbləğlərdə pullar hesabına başa gəlir. Xüsusən, son illər inşaat materiallarının bahalaşması vətəndaşların təmir zamanı maddi imkanlarına daha ciddi təsir.

Bəs görəsən, hazırda bir evin təmiri təxmini nə qədər xərc tələb edir? Mövzu ilə bağlı Yenisabah.az-a danşan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, artıq mənzillərin 1 kvadratmetrinin qiyməti ötən illərə nisbətən xeyli bahalaşıb:

“İnşaat materiallarının qiymətinin və buna müvafiq olaraq işçi qüvvəsinin dəyərinin artması ilə əlaqədar, hal-hazırda təmir prosesi əvvəlki illərə nisbətən daha baha başa gəlir. Tutaq ki, əvvəllər orta standart təmir təqribən 1 kvadratmetrə görə 170-230 manat arasında olurdusa, indi isə həmin təmirin dəyəri 300-350 manat civarındadır. Yüksək həcmli təmir isə, müvafiq olaraq bundan bir qədər daha bahadır. Bir məsələni də xüsusi olaraq vurğulayım ki, təmirin aparıldığı yerdən, istifadə olunan materiallardan və dizayn formasından asılı olaraq qiymətlər dəyişməkdədir. Məsələn, bir çox bahalı binalarda premium təmir hətta 700-800 manata qədər yüksəlir. Ağıllı evlər adlanan yeni mənzil formaları var ki, onlar texnoloji baxımdan bir addım irəli hesab olunur. Bu tip mənzillərdə isə təmir təxminən 1000 manat civarındadır”.

Vüqar Oruc qeyd edib ki, həyət evlərinin təmirində xərclər daha çoxdur:

“Həyət evlərinə gəlincə isə, bu zaman təmir təkcə evin özünü əhatə etmir, eyni zamanda həyətyanı sahənin də abadlaşdırılması bura daxildir. Hasar, qapı və digər aksesuarların təmiri və ya bərpası də bu xərclərə aiddir. Bu da əlavə xərclərin meydana gəlməsinə səbəb olur.

Hesab edirəm ki, ailə əgər yeni qurulubsa və nisbətən aztəminatlıdırsa, həmin ailələr üçün minimum daha az xərclə təmir işlərini aparmalıdır. Burada döşəmə dikt, divar oboyları nisbətən ucuz olarsa və əlavə dizayn işləri aparılmazsa,1 kvadratmetr üçün maksimum 200 manat civarında yekunlaşdırmaq olar. Biz təqdim olunan sosial evlərdə edilən təmiri buna misal göstərə bilərik. Bu tip evlər minimum qiymətlərlə və yerli məhsullarla hazırlanır. Onu da qeyd edim ki, mənzilin sahəsi nə qədər kiçik olursa, onun 1 kvadratmetrinə sərf olunmuş təmir xərcləri daha da artır. Tutaq ki, mənzilin sahəsi 100 kvadratmetrdisə, həmin sahənin ümumi təmirini 30-35 min manata yekunlaşdırırıqsa, bu kvadrat 50 metr olduqda, həmin məbləğ 20-25 faiz artır. Bu zaman 1 kvadratmetr təmiru üçün 350 manat yox, 425 manat xərc tələb olunur”.


MANŞET XƏBƏRLƏRİ