Şəhidlərimizlə bağlı bu xəbər aranı qarışdırdı – “Əgər səhvən edibsə…”


Şəhidlərlə bağlı məlumatların Vikipediyadan silinməsi ciddi müzakirələrə səbəb olub. Bu məsələ ictimaiyyətdə birmənalı qarşılanmayıb və qəsdən edildiyi iddia olunur.

Məlumatlar hansı əsasla silinib? Bunu edən şəxslərin inzibati məsuliyyətə cəlb olunması mümkündürmü?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənovun sözlərinə görə, Vikipediyada bir şəxs haqqında məqalənin qalması üçün onun ensiklopedik əhəmiyyəti olmalıdır.

O, məlumatların hansı halda silinə biləcəyindən danışıb:

“Məqalə etibarlı və müstəqil mənbələrlə təsdiqlənməlidir. Məqalədə kifayət qədər etibarlı mənbələr göstərilmirsə, silinmə riski daşıyır. Adətən Vikipediya məqalələri tərəfsiz və neytral olur və əgər məqalədə emosional, subyektiv ifadələr çoxdursa, müəllif hüquqları pozulursa və ya mətn başqa bir mənbədən icazəsiz köçürülübsə, silinə bilər. Lakin səhvən silinibsə və ya məqalə üzərində dəyişikliklər edilərək ensiklopedik əhəmiyyətini göstərən mənbələrlə təkmilləşdirilibsə, onu bərpa etmək olar”.

Ekspertin sözlərinə görə, Vikipediyada məqalənin silinməsinin yanlış olduğunu və yenidən baxılmasını istəməklə bərasını tələb etmək mümkündür.

Məsələnin hüquqi tərəfi ilə bağlı danışan hüquqşünas Turqay Hüseynov deyib ki, silinməyə görə məsuliyyət azərbaycanca Vikipediyanın üzərinə düşür:

“Fikrimcə, burada məsuliyyəti Vikipediya daşımalıdır. Sadəcə, həmin məlumatların Vikipediyada yerləşdirilməsinin şərtlərinə baxmaq lazımdır ki, məsul şəxsi müəyyən etmək olsun”.

Azərbaycan dilində olan Vikipediyada çalışan Rövşən Ramizoğlu məsələ ilə bağlı açıqlama yayıb.

O deyib:

“2007-ci ildən azərbaycanca Vikipediyanın idarəçilərindən biriyəm. Amma son 3-4 ildə azərbaycanca Vikipediyada olan haqsızlıqlar bəlkə bütün tarixində olmayıb. Təəssüf ki, bir neçə ildir azərbaycanca Vikipediyada bir qruplaşma yaranıb, o qruplaşmanın təmsilçiləri səsvermələrin nəticələrinə təsir edə biləcək səviyyədə azviki idarəçilərinin sıralarına da sızıblar. Qruplaşmaya daxil olmayan inzibatçıların müəyyən hissəsini səsvermə yolu ilə idarəçilikdən uzaqlaşdıra biliblər. Yəni o qruplaşma hazırda azvikidə həll edir ki, hansı vikipediyaçı bloklansın, kim azvikinin idarəçisi olsun, hansı məqalə silinsin, hansı məqalə qalsın və s.

Son vaxtlar azvikidə gedən proseslərlə bağlı sadəcə 3 kəlmə deyə bilərəm: Təəssüf… təəssüf və təəssüf”.

Qeyd edək ki, ötən gün texnobloger Fərid Pərdəşünas 3000 şəhid məqaləsi Vikipediyadan tamamilə silindiyini bildirib. Onun sözlərinə görə, Vikipediyadan məlumatları silinənlər arasında yüksək rütbəli hərbçilər də var.


MANŞET XƏBƏRLƏRİ