Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSM) məlumatına görə, Azərbaycanda 2024-cü ilin avqust ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 154 223 nəfər olub. Onların 31,42%-ni kişilər, 68,58%-ni isə qadınlar təşkil edir.
Bu müavinət 220 manatdır, pensiya kapitalı olmayan, 65 yaşı tamam olmuş vətəndaşlara ödənir. Pensiya sistemində aparılan dəyişikliklərdən sonra onu əldə etmək hər insana nəsib olmur. Belə ki, vətəndaş 65 yaşa qədər 40 min manatdan artıq pensiya kapitalı yığmalıdır ki, minimum pensiya-ayda 280 manat ala bilsin.
Azərbaycanda sabit, yüksək maaşlı iş ancaq kiçik zümrə üçün əlçatandır, əksəriyyət minimum maaş (345 manat), yaxud median əməkhaqqı (450-500 manat) alır. Nəticədə vətəndaş azı 45 il əmək stajı olmalıdır ki, tələb olunan pensiya kapitalını toplasın. Reallıqda 40-45 il əmək stajını ancaq, təhsil, səhiyyə sektorunda toplamaq olar ki, bu sitemlərdə əməkhaqqı ölkə üzrə orta aylıq maaşdan (1000 manat) aşağıdır. Ümumiyyətlə dövlət qulluğu sayılmayan sahələrdə maaşlar azdır və median əməkhaqqı çıvarındadır. İqtisadçıların hesablamalarına görə, muzdla çalışanların 800 minə yaxını aylıq 345-550 manat civarında maaş alır.
ƏƏSM-in avqust ayı üçün təqdim etdiyi məlumatda bir maraqlı nüans da diqqət çəkir: 65 yaşa çatıb müavinət alanların 68 faizdən çoxu qadınlardı. Bunun 2 səbəbi var:
-Statistik məlumatlara görə Azərbaycanda kişilərin 50 faizi 65 yaşa çatmadan vəfat edir;
-Qadınlar arasında işsizlik kişilərə nusbətdə daha yüksəkdir. Ona görə də pensiya almaq hüquqları yoxdur, 220 manat müavinətə möhtac qalırlar.
Bu rəqəmlər həm də Azərbaycanda orta ömür uzunluğu (73.6 yaş) barədə rəsmi statistik məlumatları da şübhə altına alır. 2024-cü ilin iyul ayında yaşa görə pensiya alanların sayı 709 800 nəfərdən çox olub. Onların 42,5%-ni kişilər, 57,5%-ni isə qadınlar təşkil edib.
Mövcud qaydalara görə, orta pensiya müddəti 144 ay (12 il) götürülür. Yəni pensiyaya çıxan vətəndaşın 12 il pensiya alacağı proqnoz edilir. Amma ölkədə rəsmi orta ömür uzunluğu 73.6 il olması belə bu proqnoza uyğun gəlmir (65+12=77 yaş). Reallıqda vəziyyət daha acınacaqlıdır, pensiyaya çıxanların əhəmiyyətli hissəsi 70 yaşa çatmadan vəfat edir və nəticədə cəmi 5-6 il pensiya hüququndan yararlana bilir.
Bu sadə hesabalamalr göstərir ki, Azərbaycanda pensiya yaşının 65 olması absurddur, bu rəqəm real orta ömür uzunluğu nəzərə alınmaqla azı 5-7 il azaldılmalıdır. /azpolitika.info/