Kənddə 30 qəpiyə olan pomidoru Bakıda 5 manata kimlər satır? - ŞOK FAKTLAR


Hazırda Bakıda pomidorun kilosu 1.5-5 manat arasında dəyişir. Yay fəsli üçün bu qiymət fantastikdir. Bir sözlə, paytaxtda insanlar pomidor almaqda çətinlik çəksələr də, rayonlarda tam fərqli situasiyadır.

Belə ki, kənd camaatı məhsulunu sata bilmir. Masallı rayonunda kilosu 30 qəpiyə satılan pomidorun alıcısı yox səviyyəsindədir. Yəni kəndli məhsulunu sata bilmir, şəhərli də ucuz məhsul tapa bilmir. Bu zaman ortaya belə bir sual çıxır: Kəndlə şəhər arasında məhsulun çatdırılma zənciri niyə qırılıb?

Mövzu ilə bağlı kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov Publika.az açıqlama verib.

O bildirib ki, Bakı şəhərində bir neçə topdansatış məntəqələri olmalıdır:

“Dünya təcrübəsinə baxsaq görərik ki, istehsalçı məhsulunu yalnız istehsal edir. Bundan sonra daşıyıcı şirkət vasitəsilə həmin məhsullar bazarlara gətirilir. Bakı şəhərində daha çox əhali yaşadığı üçün tələbat da elə buradadır. Təəssüf ki, Bakıda bir topdansatış bazarı var. O da monopoliyanın qurbanıdır. Monopolistlər malı çox ucuz alıb, çox baha satırlar. Çünki bazarda rəqabət yoxdur. Onların əlində bazarla yanaşı marketlər də var. Paytaxtda şimal, cənub və qərb bölgələrinin məhsullarının satılması üçün yerlər yaradılmalıdır. Bunu Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi etməlidir. Onlar insanlar üçün müəyyən imkanlar yaratmalıdırlar. Bakı ətrafı elə yerlər var ki əkinə yararsızdır. Həmin ərazilərdə bazar yaratmaq üçün imkanlar var. Bunun üçün işlər görülməlidir”.

Ekspert əlavə edib ki, Bakıdakı yarmarkalar öz funksiyalarını yerinə yetirmirlər:

“Yarmarkalar olduqca vacibdir. Türkiyənin Ankara şəhərində bir neçə dəfə yarmarkada olmuşam. Orada xüsusi yerlərdə hər həftənin birinci günü kəndlilər məhsullarını həmin bazarlarda satışa çıxarırlar. Bu, bizim ölkədə də tətbiq olunmalıdır. Bakı şəhərində ən azı 4 topdansatış yeri olmalıdır. Bu bazarlar olarsa, fermerlər də öz məhsullarını satar, beləliklə ölkədə ciddi qiymət artımı baş verməz. Pomidor indi qiymət baxımından əlçatmaz məhsulla çevrilib. Azərbaycan bazarında olan pomidor Rusiya (50 %), Türkiyə (60 %), Gürcüstan (30 %) bazarına nisbətən baha təklif olunur. Bu yolverilməzdir. Azərbaycanda adambaşına 86 kiloqram pomidor düşür, Gürcüstanda isə 15 kiloqram. Amma Azərbaycanda pomidorun qiyməti 5-6 manat olanda, Gürcüstanda 3 manata olur. Azərbaycanda pomidorun qiyməti əhali üçün əlçatan olmalıdır. Hazırkı qiymət şişirdilib. İşbazlar da bundan bəhrələnirlər”.

Qeyd edək ki, bu ilin birinci yarısında Azərbaycan 136,9 milyon dollar dəyərində 114,2 min ton pomidor ixrac edib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ötən ilin eyni ayları ilə müqayisədə pomidor ixracı dəyər ifadəsində 16,2 milyon dollar artıb. Ötən ilin eyni dövründə Azərbaycandan 120,7 milyon dollar dəyərində 108,1 min ton pomidor ixrac edilib.


MANŞET XƏBƏRLƏRİ