Parkinqlə bağlı SMS-lər niyə pullu oldu? - AYNA-dan AÇIQLAMA


“Azparking”də sürücülərə göndərilən pulsuz SMS-lər artıq ödənişlidir.

Bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb. Vətəndaşların iddiasına görə, 24 iyundan etibarən bu SMS-lərə görə sürücülərin kontur balansından 0.10 AZN vəsait çıxır.

İlk 15 dəqiqəsi ödənişsiz olan parklanmaya görə indi həm giriş, həm çıxış üçün 10 qəpik ödənilir. Yəni parkinqdən 15 dəqiqədən belə az istifadə etdikdə artıq 0.20 AZN ödəniş etmiş olursan.

Həmçinin, 15 dəqiqəni keçdiyi halda avtomobillə parkinqə giriş və çıxış üçün göndərilən SMS-ə görə çıxılan pul ümumi parkinq pulunun üstünə gəlir. Məsələn, sürücülər bir saata görə 1 manat ödəniş edirdilərsə, iyunun sonundan SMS qiyməti ilə bərabər bu rəqəm 1.20 təşkil edir.

Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu, mobil operatorların komissiya haqqıdır:

“Bu, “Bakcell” və “Nar” mobil operatorları tərəfindən tətbiq edilən komissiya haqqıdır və parklanmaya görə ödəniş deyil. “Azercell” mobil operatoru tərəfindən bu xidmət üçün heç bir komissiya haqqı tətbiq edilmir.

Qeyd edək ki, parklanmaya görə ödənişləri SMS-lə yanaşı, “Azparking” mobil tətbiqi üzərindən etmək mümkündür. Ödəniş üsulu vətəndaşlar tərəfindən könüllü seçilir. “Azparking” mobil tətbiqindən istifadəyə görə heç bir komissiya haqqı tutulmur”.


MANŞET XƏBƏRLƏRİ