Saatlıq minimum əməkhaqqına keçidə hazırlıq gedir - Nə qazanacağıq...


Cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi planlaşdırılır.

Nazirliyin Mətbuat Xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, saatlıq minimum əməkhaqqı ilə bağlı təkliflər hazırda aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir.

"Layihə ilə bağlı yenilik olduğu təqdirdə, bu barədə ictimaiyyətə məlumat veriləcəkdir", - açıqlamada vurğulanıb.

Qeyd edək ki, saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı fikirlər birmənalı deyil.

İqtisadçı ekspert Eldəniz Əmirov saatlıq əməkhaqqının ciddi şəkildə müsbət yaxud mənfi təsirinin olacağını düşünmür. Onun sözlərinə görə, müsbət təsirlər olacaq, amma bunun hansısa ciddi əməkhaqqı təsirlərinə gətirib çıxaracaq desək yanılmış olarıq:

“Amma günəmuzd olaraq işçilərin saata muzd olaraq çalışacağı dəqiqdir. Əlavə saatlara görə isə onların əlavə vəsait almaq yaxud da təəb etmək şansları daha çox artır. Onsuz da muzdla işləyən işçilərin əksəriyyəti əmək müqaviləsində nəzərdə tutulanlardan kifayət qədər çox işləyirlər. Bəziləri əlavə ödəniş olmadan şənbə, hətta bazar günləri işləyir. Bəziləri də sahibkar yaxud dövlət qurumu tərəfindən bayram günləri də çağırılır. Eyni zamanda gündəlik 8 saat işləməli olan şəxslər, 10 bəlkə də daha çox saat işləməyə məcbur olur yaxud olunurlar”.

Ekspert bildirib ki, saatlıq normaların tətbiq olunması bu tip halların tamamilə aradan qalxmasına tamamilə imkan verməsə də, ciddi həcmdə azalmasına imkan verəcək:

"Əməkhaqqı məsələsi də bu zaman minimum əmək haqqı formatında saata nəzərən müəyyən qədər metodoloji hesablamalarda fərqliliklər yarana bilər".


MANŞET XƏBƏRLƏRİ