“Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin son iclasında - “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında bildirib ki, Azərbaycanda istilik təchizatı üçün tariflər aşağıdır:
“Hazırda “Azəristiliktəchizat”ın subsidiya ilə fəailiyyət göstərir. Buna görə də istənilən istilik təchizatı obyektinin “Azəristiliktəchizat”ın balansına verilməsi üçün həm əlavə xərc çəkilməsi, həm də əlavə subsidiya ödənilməsi tələb olunur. Subsidiyanın mərhələli şəkildə azaldılması istiqamətində addımlar atılır”.
Nəzərə alaq ki, istilik təchizatı qiymətləri 2025-ci il yanvarın 1-də artırılıb. Tarif Şurasının qərarı ilə qiymət hər kvadratmetr üçün 30 qəpik civarında məyyən edilib. Bu qərardan sonra “Azəristiliktəchizat” ASC-nin gəlirləri iki dəfə artıb. Nəzərə alaq ki, 2023-cü ildə Nazirlər Kabinetinin təsdiq etdiyi qərarla yaşayış sahəsi ümumi sahə ilə əvəzlənib. Bu, da Cəmiyyətin gəlirlərini müəyyən qədər artırmağa imkan verib. Təkcə bu qərardan sonra “Azəristiliktəchizat” ASC-nin gəlirləri ildə təxminən 2 milyon manat artıb.
Bəs, istilik xidmətlərinin qiymətinin yenidən qaldırılması gözlənilirmi?
Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nə sorğu göndərdik. Qurumun mətbuat katibi Elvin Basqallı Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, “Azəristiliktəchizat” ASC-nin qiymət artırmaq səlahiyyəti yoxdur:
“İstilik xidməti tarifləri tənzimlənən xidmətlər siyahısına daxildir. İstilik xidmətlərinin tariflərinin tənzimlənməsi Tarif Şurasının səlahiyyətlərinə daxildir”.