Azərbaycanda bu istilik sistemlərinin quraşdırılması qadağan ediləcək


Yeni hazırlanmış “İstilik təchizatı haqqında” qanun layihəsinə əsasən, təbii qazla qidalanan fərdi istilik sistemlərinin çoxmənzilli yaşayış binalarında istifadəsinə ciddi məhdudiyyətlər tətbiq ediləcək.

Turkustan.az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan qanun layihəsində öz əksini tapıb.

Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin icazəsiz inşa edilmiş və ya tikilməkdə olan, eləcə də məlumatlandırma icraatı əsasında tikintiyə başlanılmadan aparılan obyektlərin istilik təchizatı şəbəkəsinə qoşulmasına icazə verilməyəcək.

Yeni inşa ediləcək çoxmənzilli yaşayış binalarında isə mənzillərin vahid istilik mənbəyi və ya bir neçə binanı əhatə edən şəbəkə vasitəsilə istilik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulacaq. Fərdi istilik sistemlərinin layihələndirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda mümkün olacaq.

Binaların şəbəkəyə qoşulması yalnız mənzil mülkiyyətçilərinin və ya onları təmsil edən qurumların yazılı müraciəti ilə həyata keçiriləcək. Yeni binalarda təbii qazla qidalanan fərdi istilik sistemlərinin qurulmasına və istismarına icazə verilməyəcək.

İstilik təchizatının dayandırılması halları:
- İstehlakçının yazılı müraciəti əsasında
- Borcun 30 gün ərzində ödənilməməsi
- Müqavilə müddətinin bitməsi və yenilənməməsi

- Təmir, qəza və ya təhlükəli vəziyyətlərin aradan qaldırılması
- Məhkəmə qərarı
- Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zamanı.

Qanuna görə, istilik təchizatının dayandırılması fərdi qaydada həyata keçirilməli, digər vətəndaşların hüquqları pozulmamalıdır. İstilik enerjisi yalnız əvvəlcədən xəbərdarlıqla dayandırıla bilər (dini ekstremizm halı istisna olmaqla). Problem aradan qaldırıldıqdan sonra istilik təchizatı 1 gün ərzində bərpa edilməlidir.

Sayğacların quraşdırılması və istilik enerjisinin hesablanması:
- İstilik və isti su istehlakı sayğac vasitəsilə ölçüləcək
- Ağıllı sayğaclar quraşdırıldıqda bildiriş və hesab təqdim olunmayacaq
- Məişət istehlakçıları üçün sayğaclar paylayıcının vəsaiti hesabına, qeyri-məişət istehlakçılar üçün isə öz hesabına quraşdırılacaq
- Mövcud binalarda sayğac quraşdırmaq texniki baxımdan mümkün deyilsə, girişdəki sayğacın istismarı davam etdiriləcək
- Yeni layihələndiriləcək binalarda istilik və isti suyun verilməsi üfüqi boru sistemi ilə həyata keçiriləcək və hər mənzilə sayğac quraşdırılacaq.

Ağıllı sayğaclarla təminat “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna uyğun həyata keçiriləcək. Texniki və iqtisadi baxımdan mümkün olmadığı hallarda alternativ ölçmə sistemləri tətbiq olunacaq.

Layihədə istehlakçnın hüquq və vəzifələri də qeyd olunub. Belə ki, istilik qurğularının istismarında texniki və təhlükəsizlik qaydalarına əməl etməlidir, müqavilə öhdəliklərini yerinə yetirməlidir, sayğacın işlək vəziyyətinin yoxlanması üçün paylayıcının nümayəndələrinə maneəsiz giriş imkanı yaratmalıdır. Eyni zamanda, istehlakçı istilik enerjisi ilə fasiləsiz və keyfiyyətli təchiz olunmağı, müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir.

Qanunsuz qoşulma və sayğaclara müdaxilə halları müəyyən edildikdə:
- Akt tərtib edilir və aidiyyəti şəxslərə təqdim olunur
- İnzibati və ya cinayət xarakterli hallar müvafiq orqanlara yönəldilir
- Qanunsuz qoşulma dərhal şəbəkədən ayrılır
- Vurulan zərərin ödənilməsi tələb olunur.

Tikinti obyektlərinin şəbəkəyə qoşulması texniki şərtlər əsasında, şəffaf və ayrı-seçkiliyə yol verilmədən həyata keçiriləcək./publika.az


MANŞET XƏBƏRLƏRİ