“Ərizəni yaz, işdən çıx” tələbi QANUNSUZDUR?


Dövlət orqanları və özəl sektorlarda işçilərin öz ərizəsi ilə işdən çıxarılmağa məcbur edilməsi halları son zamanlar adi hal alıb. İctimaiyyətdə müzakirələrə səbəb olan məsələnin əsl kökü isə sual doğurur.

Bəs, bu hal qayda pozuntusu hesab edilirmi?

Deputat Razi Nurullayev Bizim.Media-ya açıqlamasında qeyd edib ki, ümumi götürsək bu hal qayda pozuntusu hesab edilmir, şəxs öz ərizəsi ilə işdən çıxarılır, amma, həqiqətdə isə insanı ərizə yazmağa məcbur edirlər:

“Belə məcbur edilir ki, ərizəni yazmasan səni əmək müqaviləsinin müvafiq maddəsi ilə işdən çıxararıq. Bu da gələcəkdə sənin yeni iş tapmağına maneçilik törədər. Yəni insanları bu şəkildə məcbur edirlər ki, ərizəsini yazsın.

Mən bu halın dövlətimizin inkişafı üçün, cəmiyyətimiz üçün çox böyük bir təhdid, qanun pozuntusu hesab edirəm. Ümumiyyətlə, cəmiyyətimizin əsaslarını dağıtmaq, konstutsiyamıza qarşı hörmətsizlik, kimi qəbul edirəm. Təəssüflər olsun ki, bu həm özəl sektorda, həm də, dövlət sektorunda baş verir”, - deyə deputat bildirib.

Razi Nurullayev əlavə edib ki, necə ola bilər ki, ömrünün 20 ilini hər hansı sahəyə həsr edən biri yeni rəhbər gələn kimi işdən azad edilir:

“İşçiləri işdən azad etməyin bir çox səbəbləri var, ancaq, “səninlə işləyə bilmərəm”, “öz adamımı sənin yerinə gətirəcəm” kimi məsələlər bir çox sektorlarda baş verir. Onların məhkəməyə müraciət etməməsi üçün də öz ərizələrini alırlar. Bəzən ömrünün 15-20 ilini bir sahəyə həsr edən işçi yeni rəhbər gələn kimi ərizəsin yazaraq işdən azad olur.”

Deputat bu məsələ ilə bağlı ciddi araşdırmaların olmasını, eyni zamanda hər bir işdən çıxarılan insanla görüşülməsini, izahatların alınmasını təklif edib.


MANŞET XƏBƏRLƏRİ