“Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları” haqqında Qanuna yeni dəyişikliklər müzakirə olunaraq plenar iclasa tövsiyə olundu. Buna əsasən, güzəştli şərtlərlə pensiyaya çıxan bir sıra vətəndaşlar, o cümlədən çox uşaqlı anaların güzəşt müddətində pensiyaları dövlət büdcəsindən ödəniləcək”.
Turkustan.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov deyib.
Deputat çıxışı zamanı pensiya yaşının müəyyənləşməsində kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət meyarlarından istifadə olunması və uşaqların sayına görə pensiya yaşının müəyyənləşdirilməsini təklif edib:
“Çoxuşaqlı ailələrdə uşaqların sayına uyğun olaraq, pensiya yaşının azaldılmasını təklif etdim. Bu gün müzakirə etdiyimiz “Əmək pensiyaları” haqqında Qanuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla, beş və daha çox uşağı olanlar 5 il daha tez pensiyaya çıxırlar. Onların pensiya təminatı dövlət büdcəsi hesabına həyata keçiriləcək. Bununla belə, 5 uşağı olanla 5-dən daha çox uşağı olanların pensiya güzəşti eynidir. Halbuki uşaqların sayına görə pensiya yaşının azaldılması daha məqsədəuyğun olardı. Yəni daha çox övladı olan valideynlər daha tez pensiyaya çıxa bilərlər. Bu kontekstdən pensiya yaşının müəyyənləşdirilməsində keyfiyyət meyarlarından istifadə sosial təminat baxımdan da arzuolunandır”.
Deputat əlavə edib ki, təqdim edilən dəyişiklik pensiyaların ödənilməsində maliyyə təminatının genişləndirilməsi və fiskal dayanıqlığın gücləndirilməsi baxımdan vacibdir:
“Bu, dövlət büdcəsi ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) maliyyə öhədliklərinin dəqiqləşdirilməsinə xidmət edir. Dəyişiklik dövlət büdcəsi hesabına güzəştli şərtlərlə pensiya alanların dairəsinin genişləndirilməsinə xidmət edəcək. Məhz bu səbəbdən dövlət büdcəsindən DSMF-ə transferlərin məbləği 2025-ci ildə əvvəlki ilə nisbətən 208 milyon artırılaraq 1 milyard 600 milyon manata çatdırılır”./globalinfo.az