Keyfiyyətsiz kolbasalar ölkəmizə hansı yollarla GƏTİRİLİR? – SENSASİON DETALLAR


Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4 min 658,5 ton kolbasa məmulatları istehsal edilib.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,6 % azalma qeydə alınıb.

Bununla paralel son iki ayda ölkəyə idxal olunan kolbasa məmulatları 10 faizə yaxın artıb.

Bəs, kolbasa istehsalının azalmasına səbəb nədir?

Suala Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında deyib ki, istehsalın azalmasına səbəb xammalın baha olmasıdır:

“Məlum olduğu kimi mal ətinin bir kiloqramının qiyməti 14-17, qoyun ətinin bir kiloqramının qiyməti isə 18-24 manat arasında dəyişir. Yerli kolbasanınsa bir kiloqramı ən yaxşı halda 15-16 manata təklif olunur. Göründüyü kimi ətin qiyməti kolbasanın qiymətindən bahadır. Ona görə də yerli istehsal azalıb.

Diqqət etmisinizsə, son zamanlar toyuq ətindən hazırlanan sosislərin və kolbasaların həcmi artıb. Bu da onunla bağlıdır ki, toyuq əti mal ətinə nisbətən 3, qoyun ətinə nisbətən 4 dəfə ucuzdur. Ona görə də istehsalçılar ucuz xammala görə toyuq ətinə daha çox üstünlük verirlər. Nəzərə alaq ki, kolbasa və sosislər üçün xam mal əsasən xaricdən gəlir. Son 2 ayda AQTA xaricdən gətirilən mənşəyi bəlli olmayan əti dövriyyədən çıxardıb. Bu da öz növbəsində istehsala təsir göstərib”.

Müsahibimiz qeyd edib ki, yerli istehsalın azalması fonunda idxalın artması gözləniləndir:

“Bir zamanlar Rusiyadan və digər ölkələrdən gətirilmiş kolbasa məmulatlarını tapmaq çətin idi. Amma indi ən kiçik marketlərdə belə xaricdən gətirilmiş kolbasaların geniş çeşidinə rast gəlmək olur. Bundan əlavə, iri marketlər bir qayda olaraq xarici kolbasalarla bağlı endirim kampaniyaları keçirirlər.

İndi istənilən marketlər şəbəkəsində kiloqramı 8-10 manata xarici kolbasa məmulatlarına rast gəlmək olur. Bu kolbasaların mənşəyi və uyğunluğu təbii ki, bir ayrı söhbətin mövzusudur. Reallıq odur ki, ölkəyə gətirilən ucuz kolbasa məmulatları yerli istehsalı boğur. Ona görə də istehsal aşağı düşür”.


MANŞET XƏBƏRLƏRİ