Xəbər verdiyimiz kimi, qonşu ölkələrdə ardıcıl olaraq zəlzələ baş verib. Belə ki, aprelin 6-da Gürcüstanda 4, İranda 3,6, Rusiyada isə 5,4 bal gücündə silkələnmə qeydə alınıb. Bu hadisələr Azərbaycanda da narahatlıq yaradıb.
Ölkəmizdə zəlzələ gözlənilirmi?
Globalinfo.az-a danışan ekoloq alim Telman Zeynalov deyib ki, Azərbaycanda hər il mindən çox xırda zəlzələlər olur:
“Xatırlayırsınızsa, 2010-cu ildə 6 bal gücündə zəlzələ baş verdi. Həmin vaxt dağıdıcı olmadı, lakin insanlar narahat oldular, küçələrə qaçdılar. Bu, hər an yenidən təkrarlana bilər”.
Telman Zeynalov
Ekoloq bildirib ki, Azərbaycanda dağıdıcı zəlzələnin olması mümkündür:
“Heç bir alim, geoloq deyə bilməz ki, bu, baş verməyəcək. Hətta deyərdim ki, zəlzələ gözlənilir. Lakin onun hansı gücdə olması məlum deyil. Baxın, Şamaxıdakı zəlzələ nəticəsində nə qədər adam həlak oldu. İndi necə deyə bilərik ki, ölkəmizdə dağıdıcı zəlzələ ola bilməz?! Ona görə də bunu deyən alimlərə inanmayın”.
Qeyd edək ki, 1902-ci ildə Şamaxıda baş verən zəlzələ zamanı şəhərin 2 min nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb.