Kişilər bu halda boşana BİLMƏZ


Bu yaxınlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, boşanmaların təşəbbüskarının 70 faizi qadınlardır.

Şöbə müdiri deyib ki, qadınlar bu zaman qarşı tərəflə xasiyyətlərinin uyuşmamasını əsas gətirirlər.

Bəs qanunla boşanma necə həyata keçirilir və bu prosesdə tərəflərin hansı hüquqları var?

Turkustan.az “qafqazinfo.az”a istinadən xəbər verir ki, qanunvericiliyə əsasən, nikahın pozulması üçün şəxs məhkəmədən əvvəl mediasiya təşkilatına müraciət etməlidir. Mediator tərəfləri barışdıra bilmədiyi halda isə məhkəməyə üz tutulmalıdır.

Ailə Məcəlləsinə görə, ər və ya arvad öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Həmçinin onlardan birinin və ya hər ikisinin ərizəsi əsasında nikaha xitam verilə bilər.

Tərəflərin yetkinlik yaşına çatmayan uşaqları olduqda, onlardan biri nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

Həmçinin ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Tərəflərdən biri boşanmağa razılığı olmadıqda isə məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Bu halda barışıq olmadıqda nikah pozulur.

Hətta yetkinlik yaşına çatmayan uşaqları olan cütlüyün nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, onun səbəbləri məhkəmədə araşdırılmadan nikaha son verilir.

Bu halda məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Ailə Məcəlləsinə görə, bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə müəyyən tədbirlər görməlidir.

Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra bir il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.

Müəyyən hallarda isə boşanma məhkəməyə müraciət etmədən də mümkündür. Ər-arvadın yetkinlik yaşına çatmayan uşaqları olmadıqda, nikaha onların hər ikisinin razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında (Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri) xitam verilə bilər.
Bundan başqa, tərəflərdən biri məhkəmə qaydasında itkin düşmüş və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə nikaha xitam verilməsi həmin orqanda aparılır.

Mülkiyyətin bölünməsi, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin və ya arvadın saxlanması üçün vəsait ödənilməsi haqqında, tərəflərdən biri fəaliyyət qabiliyyətli olmadıqda və ya ən azı 3 il müddətinə azadlıqdan məhrum edildikdə, habelə uşaqlar barədə yaranan mübahisələrə müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından asılı olmayaraq məhkəmə qaydasında baxılır.

Nikahın pozulması haqqında şəhadətnaməni alana qədər tərəflər yenidən nikaha daxil ola bilməz.

Həmçinin ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən şəxs gəlib çıxdıqda məhkəmənin müvafiq qətnamələri ləğv olunmaqla, nikah müvafiq icra hakimiyyəti orqanında onların birgə ərizəsinə əsasən bərpa oluna bilər. Tərəflərdən biri yeni nikaha daxil olduqda isə nikah bərpa oluna bilməz.


MANŞET XƏBƏRLƏRİ