Sökülən binalarda yaşayanların nəzərinə: Daha çox pul almaq üçün bunu edin


Bəzi tikinti şirkətləri sökülməsi nəzərdə tutulan binaların sakinlərinə mənzilin dəyərindən daha az məbləğ verməyə çalışırlar. Xüsusən Bakının prestijli yerlərində tikinti şirkətləri vətəndaşlara evin kvadratına görə 1500-2000 manat pul təklif edir. Sonra isə həmin ərazilərdə tikilən çoxmərtəbəli binalarda evlərin kvadratını 4-5 minə satır. Bu isə vətəndaşların narazılığına səbəb olur.

Proses qanunla necə tənzimlənir? Evlərini tikinti şirkətlərinə satan sakinlər daha çox pul almaq üçün nə edə bilərlər?

Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, Bakıda 2018-ci ildən bəri pilot layihələrin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən verilən qərar ləğv edilib:

“İndi bir sıra tikinti şirkətlərinin, mənzil tikinti korporativlərinin yalandan pilot layihə adı ilə insanlara psixoloji təsir etməsi yolverilməz və qanunsuzdur:

Tikinti şirkətləri sahibkarlıq subyektidir. Ümumiyyətlə, sahibkarlıq subyektlərinin yeganə marağı, hədəfi gəlir əldə etməkdir. Buna görə də vətəndaşın əlverişli coğrafi mövqedə yerləşən mənzilini, fərdi yaşayış yerini sökmək üçün ona əvvəlcə bildiriş göndərir. Psixoloji olaraq təzyiq edir ki, bu, pilot layihədir. Sanki bunun arxasında iri dövlət qurumları durur və tikinti şirkəti həmin mənzili sökməlidir. Belə olan halda vətəndaş da məcbur qalıb mənzili həmin şirkətlərə təqdim etməlidir. Amma bu, qətiyyən belə deyil. Gəlir əldə etmək istəyən şirkət heç bir halda vətəndaşın məramını fikirləşmir. Maksimum dərəcədə evi vətəndaşdan daha ucuz qiymətə almağa çalışır. Burada tez-tez tikinti şirkətlərinin işlətdiyi ifadə də bunun “dövlət layihəsi” olmasıdır. Lakin bu belə deyil. Tikilən binaların hər biri sahibkarların şəxsi qazancı üçün hesablanmış layihələrdir. Ona görə də mülkiyyətçilər öz mənzillərini fərdi qaydada qiymətləndirməklə MTK-lara təqdim etməlidirlər. Onlara sərf edən şərtlərlə müqavilələlər bağlamalıdırlar. Bir çox hallarda MTK-lar deyir ki, sizə kvadratdan 20 faiz artıq təklif edirik. Bu, qanunvericiliklə tənzimlənmir. Vətəndaş kvadratdan 50-100 faizini də tələb edə bilər”.

ramil suleymanov

Ramil Süleymanovun sözlərinə görə, bir çox hallarda məhkəmələr də tikinti şirkətlərinin bu qanunsuz oyununa alət olurlar:

“Məhkəmələr faktiki olaraq MTK-ların sifarişini yerinə yetirirmiş kimi görünərək, vətəndaşların qanuni mülkiyyətinin əlindən alınması ilə bağlı qərar qəbul edirlər. Amma bu, qətiyyən yuxarı məhkəmələr tərəfindən təsdiqlənmir və ləğv edilir. Tikinti şirkətləri bu gün tikinti bazarlarında at oynadırlar. Vətəndaşların hüquqlarına hörmətsiz yanaşırlar. Vətəndaşların mənzilləri ilə bağlı onların maraqlarına xidmət edən qiymətlər təklif etməyə haqları var. Yalnız dövlət ehtiyacı üçün torpaq alındıqda həmin vətəndaşlara bazar dəyərində ödəniş edilməklə əmlakından çıxılması təklif oluna bilər. Qalan bütün hallarda vətəndaşın marağı mütləq gözlənilməlidir”.


MANŞET XƏBƏRLƏRİ