Sosial şəbəkələrdə azyaşlının xəsarətləri əks olunan görüntülər polis tərəfindən araşdırılıb.
Turkustan.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli bildirib.
Aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub.
Polis əməkdaşları tərəfindən azyaşlıya zorakılıq göstərən anası saxlanılıb və barəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsilə cinayət işi başlanılıb.
Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırma aparılır.
***
11:32
Anası tərəfindən ağır fiziki zorakılığa məruz qalan azyaşlı M.R. valideynindən alınıb.
Turkustan.az xəbər verir ki, bu barədə Suraxanı Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, azyaşlıya anası Fatimə Ramazanova tərəfindən fiziki və psixoloji zorakılıq törədilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatın araşdırılması və məsələnin nəzarətə götürülməsi barədə rayon icra hakimiyyəti tərəfindən rayonun polis idarəsinə və rayon prokurorluğuna rəsmi müraciət edilib.
"Rayon polis idarəsi (RPİ) tərəfindən azyaşlının anası tapılaraq polis bölməsinə dəvət olunub. O, övladının olduğu yer barəsində məlumat verməkdən yayınsa da, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın və rayon polis idarəsinin əməkdaşları tərəfindən azyaşlının olduğu yer müəyyən edilib. Uşağın anasının himayəsində saxlanılması onun həyatı üçün təhlükəli hesab edildiyindən həmin Komissiya və RPİ əməkdaşları tərəfindən azyaşlı olduğu yerdən dərhal götürülüb və müvafiq sığınacağa yerləşdirilməsi üçün Sosial Xidmətlər Agentliyinin işçilərinə təhvil verilib", - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, ötən gün Bakının Suraxanı rayonunda ananın azyaşlı qızına şiddət göstərməsi və videoya çəkməsi ilə bağlı məlumat yayılmışdı. Uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə ana azyaşlını döydüyünü, bədənində salamat yerin olmadığını etiraf edib.