Əməkhaqqı ilə bağlı MÜHÜM YENİLİK – Maaşlar ARTACAQ?


Cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi planlaşdırılır. Bu “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Eyni zamanda cari ilin 1 iyul tarixinə qədər əmək münasibətlərində ayrı-seçkiliyin və seksual-qısnamanın yolverilməzliyinin təmin edilməsi məqsədilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi gözlənilir.

Qeyd edək ki, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.

Saatlıq əməkhaqqının tətbiqi nəyi dəyişəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, bu barədə müzakirələr bir ilə yaxındır gedir:

“Azərbaycanda minimum əmək haqqının keçdiyi təxminən 20 qanun var. İndi bilmək olmur ki, bu 20 qanunun hamısında dəyişiklik olacaq, olacaqsa hansı formada olacaq?! Bununla belə saat hesabı işə keçid heç də asan deyil. Çünki, bizdə muzdla çalışanların sayı 1,7 milyondur. Onların da 900 mini dövlət sektorunda çalışır. Bu sahədə keçid asandır. Çünki bir qərarla bunu etmək olar. Amma dövlət sektorunda da müəyyən çətinliklər var. Məsələn, polis, həkim, yanğınsöndürən və digər peşə sahibləri saatla necə işləyə bilərlər?!

Özəl sektorda da saatlıq iş asan olmayacaq. Məsələn, sahibkar işçini müqavilədə göstərildiyindən artıq işlədərkən, dövlət ona necə müdaxilə edəcək? Bir sözlə saatamuzd işə keçidin xeyli çətinlikləri var. Amma bu keçid çalışanların əmək haqqına müsbət təsir edəcəksə, lap yaxşı... Yenə deyirəm, bu məsələ ilə bağlı açıq suallar çoxdur. Gözləyək görək, hökumət saatamuzd işlə bağlı nə təklif edəcək. O zaman daha detallı müzakirə aparmaq olar”.


MANŞET XƏBƏRLƏRİ