Nazirlər Kabinetinin sədri Əli Əsədovun imzaladığı qərarla mart ayının 20-dən, aprel ayının 1-ə qədər Azərbaycanda qeyri iş günüdür. Bu tarixdə 8 mart, Novruz və Ramazan bayramlarına görə nəzərdə tutulan istirahət günləri birləşdirilərək iki həftəlik tətil elan olunub. Baş nazir bu qərarı istirahət günlərinin daha da səmərəli təşkil edilməsi zərurəti ilə izah edib.
Qeyd edək ki, bir neçə aydır ölkədə pensiya və müavinətlərin ödənilməsi qaydası dəyişdirilib. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda hər ayın 10-11-i tarixlərinə qədər ödənişlər əhalinin kart hesablarına köçürülür. Rayonlarda isə bu tarix ayın 16-17-dən 25-ə qədər uzadılıb. Yəni əhali bölgələrdə bu tarixlərdə pensiya, müavinət, təqaüd və digər sosial ödənişləri alır.
Məlumdur ki, dövlətin ödədiyi vəsaitlər əhalinin xüsusən aztəminatlı təbəqəsinin təminatında əsas rol oynayır. Bunu nəzərə alsaq, pensiya və müavinətlərin bayram tətilindən əvvəl ödənilməsi vacib əhəmiyyət daşıyır.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunda (DSMF) nə düşünürlər?
Adıçəkilən qurumun İctimaiyyətlə Əlaqələr şöbəsindən “AzPolitika”-nın sorğusuna cavab olaraq bildirildi ki, regionlarda pensiya, müavinət və digər sosial ödənişlərin martın 20-dək ödənilməsi barədə əhaliyə məlumat veriləcək.