Kimlər oruc tuta bilməz?


Həkimlərin oruc tutmağa icazə vermədiyi xəstələr, hamilə qadınlar, zəif qocalar üçün oruc tutmamaq güzəştlidir.

Bunu Teleqraf-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, ilahiyyatçı-alim Fuad Nurullayev bildirib.

O bildirib ki, hamilə qadınlar sonrakı vaxtlarda qəza tutmalıdırlar.

“Sağlam insanlara isə oruc tutmaq mütləqdir, amma 10 gün və ya 10 gündən az müddətdə səfərə gedəcək insanlar həmin günlər oruc tutmamalıdır. Onlar Ramazan ayından sonrakı vaxtlarda qəza oruclarını tuta bilərlər. Amma 10 gündən çox başqa bir yerdə səfərdə olacaq insanlar həmin yerdə oruc tutmalıdırlar”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Rəcəb və Şaban ayları Ramazan ayına hazırlıq kimi qiymətləndirilir.

“Bir çox möminlər həmin aylardan oruca başlayırlar. Şaban ayından Ramazan ayına oruclu olaraq halda keçən şəxsə böyük savab yazılır. Belə ki, Şaban ayının sonuncu günü oruc tutub Ramazan ayına oruclu olaraq daxil olan insana Allah 1 ayın savabını verir”.

İlahiyyatçı alim hesab edir ki, müsəlman dünyası Ramazan ayından layiqincə bəhrələnməlidir, çünki bu ay dua, zikr ayıdır.

“Müqəddəs Quran buyurur ki, bu ayın fəziləti bütün aylardan yüksəkdir, ona görə də Ramazana ayların sultanı deyirlər. Bu ayda insan bacardığı qədər dua etməli, Allahdan günahlarının bağışlanmasını diləməli, ümumiyyətlə, bu ayın mənəvi dəyərlərindən layiqincə istifadə etməlidir. İmkan varsa, iftar süfrəsi açılmalı, kasıblara kömək edilməlidir. İftarda imkansız insanları toplamaq və iftar niyyəti ilə onlara yardımlar etmək savab işlərdəndir. Peyğəmbərimiz buyurur ki, yazıq insan odur ki, Ramazan ayına daxil ola və onun sonuna çata, amma özünü bağışlatmadan ondan ayrıla. Ona görə də insanın nə xətası varsa, bağışlanmağını diləməli və ayın sonuna qədər paklaşmalıdır".

O həmçinin əlavə edib ki, Ramazanda insan təkcə yemək və içməklə deyil, eyni zamanda dili, gözü, qulağı ilə də oruc olmalıdır.

“Nə qeybət etməli, nə də qeybətə qulaq asmalıdır. Günahdan uzaq durmalı, özünü mənən və ruhən saflaşdırmalıdır”.


MANŞET XƏBƏRLƏRİ