Bakıda 10 yeni metro stansiyası inşa ediləcək. Bu barədə xəbəri Prezident İlham Əliyev ötən ay yerli televiziya kanallarına müsahibəsində açıqlayıb. Dövlət başçısı qeyd edib ki, yeni inşa ediləcək metro stansiyalarının yerləri artıq seçilib və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq.
Qeyd edək ki, Bakı metropoliteninin hazırda 27 stansiyası, 2 elektrik deposu və 40,7 kilometr uzunluğunda 3 xətti var.
Yeni 10 stansiyadan 6-sının “Bənövşəyi xətt” üzərində tikiləcəyi gözlənilir. Hazırda Cəlil Məmmədquluzadə küçəsində 4-cü stansiyasının tikintisi davam edir. Şərti olaraq "B4"-"B5"-"B?"-"B6"-"B7"-"B8" adlandırılan stansiyaların tikilib başa çatmasından sonra Xocaəsəndən başlayan “Bənövşəyi xətt” Ağ Şəhərə qədər davam edəcək.
Turkustan.az xəbər verir ki, yeni stansiyalarla bağlı bir sıra detallar məlum olub.
"Bakı Metropoliteni" QSC-nin Kommunikasiya departamentinin rəisi Şaban İmkani "teleqraf.az"a açıqlamasında bildirib ki, 2030-cu ilə qədər Prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramına uyğun olaraq "Bakı Metropoliteni"nin 10 yeni stansiyası inşa olunmalıdır.
"Bu stansiyalardan 6-sı "Bənövşəyi" xətt üzərində olacaq. Onlardan biri, bildiyiniz kimi, hazırda inşa edilən B-04 şərti adlı stansiyadır. Bu stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Mərkəzi Kliniki Xəstəxananın arxasında yerləşir. Növbəti stansiya isə “Nizami” metrostansiyasının yaxınlığında olacaq və “Yaşıl xətt”ə keçid funksiyası daşıyacaq. Digər bir stansiya “Sahil” stansiyasının yaxınlığında olacaq, “Qırmızı xətt”ə keçid rolunu oynayacaq.
Bunlardan əlavə, növbəti stansiya "Port Baku" yerləşdiyi ərazidə inşa ediləcək, “Xətai” stansiyasına, yəni “Yaşıl xətt”ə keçid funksiyası daşıyacaq. "Ağ şəhər" layihəsi çərçivəsində Babək prospektinin yaxınlığında metrostansiyanın tikintisi planlaşdırılır.
Qeyd edim ki, “Xətai” stansiyasından sonra 4 stansiya inşa olunacaq. Bunlar “8 Noyabr” prospekti boyunca “Ağ Şəhər” layihəsinin tərkibində olan, hazırda hasarlanmış bir əraziyə yaxın yerlərdir. Onlardan biri “NZS” kimi tanınan yaşayış massivinə “8 Noyabr” prospektindən dönən yolun yaxınlığında, Bakı Avtomobil Zavoduna yaxın ərazidə yerləşəcək. Söhbət tikintisi aparılan, şərti adı “Həzi Aslanov 2” və yaxud Y-17 stansiyasından gedir.
Ümumilikdə 10 stansiyanın tikintisi metropolitenin 88 milyon sərnişinin daşımasına imkan verəcək", - açıqlamada deyilir.