Son günlər mal və quzu əti ətrafında gedən müzakirələrdə ortaya çıxan suallardan biri də qiymətlər arasında fərqin olmasıdır. İnsanlar quzu ətinin mal əti ilə müqayisədə baha olduğunu bildirirlər.
Turkustan.az-a danışan qida üzrə mütəxəssis Ağa Salamov deyib ki, quzu ətinin qida dəyəri, dadı və yağlılıq səviyyəsi qiymətlərə təsir edir:
“Ən çox satılan kabablar quzu ətindən hazırlanır. Qiymətlərin yüksək olması normaldır. Amma dana əti bundan geri qalmır, xüsusilə can ətini vurğulamaq lazımdır. Onu bazarda 25-30 manata ala bilərsiniz. Heyvanın böyüklüyündən asılı olaraq danadan əldə olunan can əti 1,5-3 kilo aralığında dəyişir. Yağsız və yumşaq olması isə dadına təsir edir, həmçinin dietik hesab olunur”.
Ağa Salamov
Ekspert dünyanın ən bahalı ətindən də söz açıb:
“Bu, vaqyu ətidir. Yaponiyada xüsusi yetişdirilmiş danalardan əldə edilir. Onlara musiqi dinlədilir, masaj edilir və hərəkətsiz saxlanılır. Kilosu isə 300-500 dollar (510-850 manat) aralığında dəyişir”.